İnformasiya Texnologiyaları İnstitutu 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiyanın hazırlanmasında fəal iştirak etməlidir İyul 26, 2021 | 12:41 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında AMEA Rəyasət Heyətinin 9 iyul 2021-ci il tarixli 15/2 saylı “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında qərarı müzakirə olundu.

Bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev son illər elm sahəsində islahatların aparılması istiqamətində AMEA və digər dövlət qurumlarının fəal iştirakı ilə mütəmadi olaraq müzakirələrin təşkil olunduğunu, müəyyən baxış, ideya və təkliflərin irəli sürüldüyünü dedi, onların toplanılması və sistemləşdirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Alim bildirdi ki, mürəkkəb şəraitdə - pandemiya dövründə fəaliyyət göstərməyimizə baxmayaraq ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə islahatlar yüksək sürətlə davam etdirilir, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir.

“Dünya dövlətlərinin əsas strateji resursu onların elmi-texniki potensialıdır”, - deyən akademik müasir dövrün çağırışları kontekstində elmin üzərinə çox ciddi vəzifələrin qoyulduğunu diqqətə çatdırdı. Elm, təhsil, texnologiya və innovasiya sahəsində məqsədyönlü islahatların aparılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu söylədi.

Akademik iyulun 9-da AMEA-nın Rəyasət Heyətində elm sahəsində islahatlarla bağlı müzakirələrə yekun vurulduğunu bildirərək, bütün təkliflər və beynəlxalq təcrübə nəzərə alınmaqla, elmin inkişafına mane olan problem və məhdudiyyətlər aradan qaldırılmaqla elmin müasir dövrün çağırışlarına uyğun şəkildə təşkilinin, elmi-intellektual potensialın yenidən formalaşdırılmasının son dərəcə zəruri olduğunu nəzərə çatdırdı.

İnstitut direktoru bildirdi ki, istedadlı gənclərin stimullaşdırılması, onların elmə cəlb edilməsi, cəmiyyətin elmə olan münasibətinin müsbət yöndə inkişaf etdirilməsi, elmi biliklərin populyarlaşdırılması və s. elmi islahatlar çərçivəsində həyata keçirilməsi vacib olan tədbirlərdir. Bununla yanaşı, alimlərin maddi vəziyyəti və sosial rifahının yaxşılaşdırılması, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, elmi strukturun optimallaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir.

Sonra akademik R.Əliquliyev “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasında rəhbərlik etdiyi institutun əməkdaşlarının, alim və mütəxəssislərin fəal iştirakının zəruriliyindən danışdı.

“Artıq ölkədə elmin dayanıqlı inkişafı ilə bağlı milli strategiya hazırlanır. Bu, böyük bir layihə, ideya bankıdır”, - deyən AMEA-nın vitse-prezidenti, həmin siyasi-ideoloji sənədin ərsəyə gəlməsində institutun mövqeyinin yüksək səviyyədə ortaya qoyulmasının əhəmiyyətini vurğuladı:

“Elmi şuranın üzvləri, hər bir şöbə rəhbəri, eləcə də gənc doktorant və dissertantlar elmdə aparılan islahatlarla bağlı öz baxışlarını ortaya qoymalı, təkliflər verməli, dövlətin elm və texnologiya sahəsində siyasətinin formalaşmasında yaxından iştirak etməlidir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı