Rəşid Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilib İyul 15, 2021 | 01:50 / Mühüm hadisələr

Texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilib.

R.Ələkbərov 2 fevral 1953-cü il tarixində anadan olub. 1970-ci ildə Bakı şəhəri 1 №-li fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Elektron hesablama maşınları” ixtisasına qəbul olunub.

1975-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla AEA Kibernetika İnstitutuna göndərilib və burada mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışıb. 1983-cü ildən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində işləyib. 1992-2002-ci illərdə isə AMEA-nın institut və təşkilatlarında lokal kompüter şəbəkələrinin layihələndirilməsi və yaradılması işlərini həyata keçirən laboratoriyaya rəhbərlik edib.

R.Ələkbərov 2002-ci ildən e-elmin texnoloji platforması olan AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun yaradılması, genişləndirilməsi, elmi-nəzəri problemlərinin araşdırılması işlərini və onun GEANT (Avropa Elm və Təhsil Şəbəkəsi) şəbəkə infrastrukturuna inteqrasiyasını həyata keçirən, həmçinin AMEA-nın institut və təşkilatlarına İnternet xidmətləri göstərən şöbəyə rəhbərlik edir.

2007-ci ildə “Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun baş mühəndisi, 2015-ci ildə isə texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. Hazırda “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intelektual idarə edilməsinin metod və alqoritmlərinin işlənməsi  mövzusu üzrə elmlər doktoru dissertasiyası üzərində tədqiqat işlərini tamamlamaq ərəfəsindədir.

Alim 100-dən çox elmi əsərin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 67, o cümlədən WoS və Scopus bazalarında indeksləşən jurnallarda çap olunmuş 27 məqalənin müəllifidir.

Elmi və elmi-təşkilati fəaliyyət sahəsində xidmətlərinə görə, R.Ələkbərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalına və 2015-ci ildə isə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ölkəmizdə informasiya texnologiyaları üzrə yüksək səviyyəli mühəndis, bacarıqlı tədqiqatçı kimi tanınan, yüksək təşkilatçılıq qabiliyyəti, innovativ düşüncə tərzi, tələbkarlığı və təşəbbüskarlığı ilə seçilən, həmkarları arasında böyük hörmət və nüfuza malik olan Rəşid müəllimi institutun kollektivi adından təbrik edir, ona gələcək fəaliyyətində və şəxsi həyatında uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı