Rəqəmsal çap sistemlərində yeniliklərlə bağlı elmi seminar keçirilib İyul 12, 2021 | 01:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 18 saylı şöbənin əməkdaşı Xanımqız Ağabalayevanın “Rəqəmsal çap sistemlərində yeniliklər” mövzusunda məruzəsi dinlənilib.

Çap maşınlarının inkişaf tarixi haqqında danışan məruzəçi İohan Qutenberq adlı şəxsin tarixə kitab çapını hərəkətli metal literlə  həyata keçirən ixtiraçı  kimi düşdüyünü bildirib: “Onun bu ixtirasında istifadə edilən hərəkətli metal bruslar üzərində şriftlər güzgüdə əks olunmuş halda görünürdü. Bu kimi bruslardan taxta üzərində sətirlər yığılırdı və sonra xüsusi rəng vasitəsilə kağıza həkk olunurdu. XIX əsrdə cəmiyyətin çapa olan təlabatını ödəmək üçün çap prosesini avtomatlaşdırmaq lazım idi. 1811-ci ildə alman ixtiraçısı Fridrix Konik XVII əsrin əvvəlində çap silindrindən istifadə etməklə yaratdığı mexaniki yastı çap maşını vasitəsilə məhsuldarlıq xeyli artmış oldu. Bu maşında silindr buxar vasitəsilə hərəkətə gətirilirdi. Cəmiyyətin inkişafı çap məhsullarına tələbatı da artırdı. Artıq XIX əsrin ortalarında o dövr üçün məhsuldar olan saatda 2000 ottisk hazırlayan maşınlar da tələbatı ödəmirdi.  1904-cü ildə ABŞ çapçısı Aera Ryubil rezin silindrlər vasitəsilə çap etməyin mümkünlüyünü  və bu üsulla alınan ottisklərin yüksək keyfiyyətli olduğunu müəyyən etdi”.

O qeyd edib ki, hazırda istifadə olunan rəqəmsal çap maşınları 1991-ci ildə Kaliforniyada Nash Edition tərəfindən işlənib hazırlanmışdır. Rəqəmsal çap ənənəvi çap üsulları ilə müqayisədə kiçik həcmli tirajlar üçün daha səmərəlidir. Bu gün bazarda rəqəmsal çap maşınlarının bir neçə tipi mövcuddur: tonerlə çap etmək üçün rəqəmsal çap maşınları, yüksəksürətli şırnaqlı rəqəmsal çap maşınları, genişformatlı şırnaqlı çap maşınları, təsviri bilavasitə çap maşınında forma materialı üzərinə yazan qurğulu çap maşınları.

Qablaşdırma sahəsində rəqəmsal çap sistemlərinin zaman keçdikcə daha da inkişaf etdiyini söyləyən məruzəçi, qablaşdırıcıların coğrafi vəziyyətin xüsusiyyətinə uyğun olaraq satış yeri üçün öz qrafikalarını və istehlakın stimullaşdırılması üçün digər materiallarını uyğunlaşdıra bildiklərini deyib. Əlavə edib ki, bəzi qablaşdırıcılar hər bir alıcı üçün unikal olan fərdiləşdirilmiş qablaşdırmanı yaradaraq qabaqlayıcı tədbirləri yerinə yetirirlər.

X. Ağabalayeva diqqətə çatdırıb ki, lateks texnologiyasından istifadə edənlər, digər çap ilə mümkün olmayan çoxsaylı üstünlüklər, misilsiz gəlir imkanları əldə edirlər. Zərərsiz, ekoloji cəhətdən təmiz və “qoxusuz” lateks boyalar əsasən otellər, restoranlar, xəstəxanalar, uşaq otaqları, uşaq bağçaları və məktəblərdə istifadə edilir.  Müştərilərin daha sürətli çap, ətraf mühitə uyğun istehsallar, vaxtında çatdırılma, çeşidlilik və tətbiqetmələrdə fərdiləşdirmə tələbləri artdıqca, çap istehsalçıları da ətraf mühitə uyğun və sağlamlıq baxımından geniş çeşiddə çap edə bilən maşınlar axtarırlar. 

O, tekstil sahəsində bir nömrəli ekoloji risk faktorunun suyun çirklənməsi olduğunu deyib. Bildirib ki, ənənəvi tekstil emalı yer üzünün qiymətli su mənbələrinin 20%-ni çirkləndirir. Sənayenin rəqəmsal çapa yönəlməsi ətraf mühitə təsirin azalmasına imkan yaradır.

“Rəqəmsal texnologiyalar ənənəvi tekstil çap zamanı çox enerji istifadə edir”, - deyən tədqiqatçı Yer kürəsində  zəhərli karbon qazının yaranmasının 10%-inin moda sənayesi istehsalının payına düşdüyünü nəzərə çatdırıb. Qeyd edib ki, kəsintisiz istehsal prosesləri karbon qazının yaranmasının azalmasını təmin edir. Təmiz, səmərəli tekstil istehsalına keçməklə iqlim dəyişikliyini azaltmaq olar. Tekstil məhsulları mümkün qədər ekoloji cəhətdən təmiz olmalıdır.

Məruzəçi məhsulların böyük tirajlarla və yüksək keyfiyyətlə hazırlanması üçün avtomatlaşdırılmış axın xətlərinin yaradılmasının vacib olduğunu vurğulayıb: “Bu xətlərdə əməliyyat avadanlıqları müəyyən nəqletmə vasitələri ilə əlaqələndirilir. Avtomatik xətlər (AX) – maşın-avtomatların texnoloji prosesin gedişi üzrə yerləşdirilmiş və birləşmiş idarəetmə sistemləri, həmçinin nəqletmə, ehtiyatların yığılması, tullantıların kənarlaşdırılması, orientasiyanın dəyişdirilməsi məsələlərini yerinə yetirən avtomatik mexanizmlər və qurğularla təchiz olunmuş sistemdir.

Avtomatik xətlər istehsal prosesinin müəyyən əməliyyatlarını avtomatik rejimdə yerinə yetirilməsinə xidmət edir. Bu xidmət ilkin materialların növündən, ölçüsündən, kütləsindən və hazırlanan məhsulun texnoloji mürəkkəbliyindən asılıdır. Ona görə də AX tərkibinə müxtəlif sayda avadanlıq daxil ola bilər”.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı