İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri tədqiq olunur İyul 09, 2021 | 11:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2021-ci il üçün yarımillik hesabatı müzakirə olundu.

Hesabatı təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent  Əlövsət Əliyev 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, cari ildə müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunması xüsusiyyətlərinin təhlili və qiymətləndirilməsi, rəqəmsal-informasiya iqtisadiyyatı  sektorlarının innovativ perspektivliyinin və regional-sektorial inkişafının təhlili və  qiymətləndirilməsi üzrə iyerarxik indikatorlar sisteminin işlənilməsi, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  formalaşması və idarə olunması problemlərinin təhlili, mobil, bulud, süni intellekt texnologiyalarının və kiber-fiziki sistemlərin iqtisadi xüsusiyyətlərinin araşdırılması, IV Sənaye inqilabı platformasında data iqtisadiyyatının formalaşması xüsusiyyətlərinin araşdırılması, elmi nəticələrin  və elmi innovasiyaların tətbiqi xüsusiyyətlərinin araşdırılması, İKT sferasında elmi işləmələrin və innovasiyaların tətbiqi xüsusiyyətlərinin tədqiqi, elmi-texnoloji innovasiyaların tətbiqi məsələləri və kommersiyalaşdırılması proseslərinin  idarə olunması problemlərinin tədqiqi, elmi texnoparkların fəaliyyətinin kompleks qiymətləndirilməsi üçün çoxkriteriyalı ekspert metodunun  işlənilməsi istiqamətlərində müxtəlif mövzular üzrə elmi tədqiqatların aparıldığını bildirdi.

Ə.Əliyev İKT sektorunda inkişaf potensialının formalaşdırılmasının innovativ istiqamətləri üzrə göstəricilər və kriteryaların işlənildiyini  bildirdi. Müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunmasının qiymətləndirilməsi  üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırdı.

Rəqəmsal, informasiya və biliyin hesa­bı­na formalaşan ÜDM-in he­sablanması üçün metodika təklif olunduğunu, onun kompozit indeksini və onu formalaşdıran müvafiq iyerarxik indekslər, subindekslər və in­dikatorlar sistemi işlənildiyini bildirdi. Rəqəmsal, informasiya və bilik iqtisadiyyatını xarak­te­ri­zə edən qlobal indekslər haqqında ümumi məlumatların təhlil olunduğunu, bəzi qlobal indekslər üzrə Azərbaycanın müxtəlif indekslərə görə reytinqinin müəyyənləşdirildiyini bildirdi. Rəqəmsal, informasiya və biliklər iqtisadiyyatının səviyyəsinin qiymətləndirilməsinə regional və sahəvi yanaşmanın xü­su­siyyətlərini, rəqəmsal və informasiya iqtisadiyyatının qiymətləndirilməsi üzrə kompozit indekslərin təklif olunduğunu qeyd etdi.   

Şöbə rəhbəri İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri və onların sosial iqtisadi proseslərə təsirinin  araşdırıldığını vurğuladı. İKT əsaslı bəzi texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  təklif olunduğunu bildirdi. Texnoloji innovasiya iqtisadiyyatının formalaşdırılmasında innovativ inkişafı xarakterizə edən göstəricilərin işlənildiyini  qeyd etdi.

Ə.Əliyev elmi-texnoloji innovasiyaların tətbiqi məsələləri və kommersiyalaşdırılması proseslərinin  idarə olunması problemlərinin tədqiq olunduğunu vurğuladı. Elmi və elektron innovasiyaların tətbiqi xüsusiyyətləri araşdırıldığını, innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində elmi tədqiqatın işləndiyini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Elektron Qarabağ proqramının əhəmiyyətini  diqqətə çatdırdı.

Məruzəçi elmi nəticələrin kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilərin işləndiyini qeyd etdi. Kommersiyalaşdırılma potensialının kompozit indeksini formalaşdıran indekslərin təklif edildiyini diqətə çatdırdı.  Həmçinin elmi texnoparkların  fəaliyyətinin kompleks qiymətləndirilməsi üçün  onlayn platformada çoxkriteriyalı ekspert metodunun  işlənilməsi üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırdı.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə danışan məruzəçi məqalənin çap edildiyini və 6 elmi konfransda müzakirə olunduğunu qeyd etdi. Beynəlxalq elmi bazaya  daxil olan jurnallara məqalələrin təqdimi  barədə ətraflı məlumat verdi.

Alim şöbənin elmi-innovasiya, elmi-ekspertiza, elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən söz açdı. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu,  Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Sistemli analiz İnstitutu, Moskva Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbi və s. kimi bir sıra aparıcı elmi tədqiqat qurumları ilə sıx əlaqələrin davam etdirildiyini, bu müəssisələrin təşkil etdiyi elmi seminarlarda iştirak və çıxış etdiyini bildirdi.

Ə.Əliyev beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində informasiya iqtisadiyyatı və innovasiyaların idarə edilməsi, ekspert qiymətləndirmələri və verilənlərin analizi, məhsulun rəqəmsallaşmasının müəssisənin inkişafına təsiri, riyazi iqtisadiyyat, dünya iqtisadiyyatının yaşıl transformasiyası: Rusiya və Almaniya təcrübəsinə baxış, İqtisadiyyat, biznes və siyasətdə optimal qərarların təhlili üçün riyazi metodlar, Avrasiya İqtisadi Birliyi ölkələrinin iqtisadi artımının orta müddətli perspektivləri mövzularında keçirilən onlayn beynəlxalq elmi seminar və forumlarda iştirak edərək məruzə ilə çıxış etdiyini və bu barədə məlumatların institutun veb-saytında dərc olunduğunu qeyd etdi.  

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini bölüşərək yerinə yetirilən elmi tədqiqatların əhəmiyyətinin yüksək olduğunu, həm ölkə səviyyəsində, həm də ümummilli anlamda mühüm missiya daşıdığını qeyd etdi. Akademik  növbəti illərdə mobil sistem və texnologiyaların, Big Data, bulud, Əşyaların İnterneti, kiber-fiziki sistemlər və süni intellekt texnologiyaları iqtisadiyyatı istiqamətində elmi araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi. 

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı