Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub İyul 08, 2021 | 09:00 / Konfranslar, iclaslar

İyulun 7-də AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

“Zoom” platforması üzərindən baş tutan tədbiri giriş sözü ilə şuranın sədri, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin sədri, akademik Rasim Əliquliyev açıb. O, iclasın “PROLİNE CHEMİCALS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkın rezidenti kimi qeydiyyata alınması məsələsinə həsr olunduğunu bildirib.

Daha sonra “PROLİNE CHEMİCALS” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investiya layihəsi haqqında məlumat verib.

O, yüksək keyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan şirkətin əsas fəaliyyət istiqamətlərini avtoyuma və avtokosmetika, məişət, sənaye və avtomobil kimyası, avtomobillər üçün texniki mayelər təşkil etdiyini vurğulayıb.

Məhsulların hazırlanması zamanı dünyanın aparıcı istehsalçıları tərəfindən istehsal olunan keyfiyyətli xammallardan istifadə edildiyini deyən “PROLİNE CHEMİCALS” MMC-nin rəhbəri qeyd edib ki, şirkət toplanmış biliklərə və müasir elmi nailiyyətlərə əsaslanaraq daim mövcud reseptlərin effektivliyinin artırılması və innovativ məhsulların istehsalı üzərində çalışır.

V.Həsənov “PROLİNE CHEMİCALS” MMC-nin qeyd olunan layihəsinin mövcud istehsal bazası əsasında AMEA YT Park ərazisində həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, bunun üçün müəssisənin öz istehsal avadanlıqları, müəyyən qədər xammal ehtiyatları, maliyyə vəsaitləri və işçi heyətinin olduğunu diqqətə çatdırıb, istehsal olunacaq məhsullar barədə məlumat verib. Onun sözlərinə görə, investisiya layihəsinin məqsədi istehsalı nəzərdə tutulan məhsullar üzrə seçilən müştəri seqmentinin bütün tələbatlarını daxili istehsal hesabına təmin etməklə yanaşı, analoji məhsullar üzrə idxaldan asılılığın azaldılması və yeni iş yerlərinin açılması hesabına əmək resurslarının cəlb edilməsidir.

O, həmçinin perspektivdə nəzərdə tutulan işlərdən bəhs edərək yeni avadanlıqların alınması, yeni qablaşmalar üçün pres formaların, yeni etiketlərin dizayn edilməsi və hazırlanması, yeni xammal növlərinin alınması və digər dövriyyə vəsaitlərinin artırılmasının planlaşdırıldığını bildirib.

Müzakirələrdə iştirak edən Ekspertlər şurasının sədri - akademik Rasim Əliquliyev, üzvləri – akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Oktay QasımovBəxtiyar Məmmədov, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, YT Parkın baş direktoru Vasif Abbasov istehsal olunacaq məhsulun xammalı, formullara uyğun olaraq qablaşdırılması, ekoloji təsirləri, keyfiyyət göstəriciləri, dünya və yerli bazarlarda analoqları, tətbiq sahələrinin genişləndirilməsi, istehsal həcmi ilə bağlı suallarla çıxış ediblər.

Sonda “Proline Chemicals” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı