“Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması modelinin işlənməsi” mövzusunda magistr dissertasiyası müzakirə olundu İyun 02, 2021 | 04:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək iclasın institutun əməkdaşı Sahib Əliyevin 060631 ─ “Kompüter mühəndisliyi” ixtisası üzrə təqdim edilmiş “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması modelinin işlənməsi” mövzusunda magistr dissertasiyasının müzakirəsinə həsr olunduğunu söylədi.

Dissertasiya işi üzrə elmi rəhbər olaraq çıxış edən  dos. R.Ələkbərov işin aktuallığını önə çəkdi. Bildirdi ki, mobil “ağıllı” telefonların verdiyi faydalara və həyatı asanlaşdırmasına baxmayaraq, hesablama və yaddaş resurslarındakı məhdudiyyətlər, akkumulyatorun işləmə müddətinin az olması bir cox problemlər yaradır. Mobil hesablama buludları texnologiyalarından istifadə etməklə qeyd edilən problemləri aradan qaldırmaq vacib məsələlərdəndir.

Sonra iddiaçı S.Əliyev dissertasiya işinin məqsədi və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, mobil hesablama buludlarında arxitektur-texnoloji prinsiplərinin araşdırılması, burada meydana çıxan problemlər və onların həlli yolları, həmçinin Cloudlet əsasında mobil hesablama buludlarının resurslarından səmərəli istifadə üçün modelin işlənməsi və s. dissertasiya işində məqsədə çatmaq üçün qarşıya qoyulan məsələlərdir.

S.Əliyev dissertasiya işinin birinci fəslində mobil istifadəçilərin inkişaf dinamikasından bəhs etdi. “2013-cü ildə dünyada mobil istifadəçi sayı 1.06 milyard idi. İndi isə bu göstərici  artaraq 3.9 milyard olub və bu rəqəmlərin artacağı da gözlənilir. Bu isə, yaxın illərdə mobil hesablama buludlarından istifadə edənlərin sayının sürətlə artmasına səbəb olacaq”, - deyə o, əlavə etdi.

Tədqiqatçı mobil hesablama buludlarında xidmət platformalarının analizindən söhbət açdı. Söylədi ki, bulud saxlanc xidmətləri bir çox sahədəki məlumatların (foto, pdf, video və s.) virtual mühitdə saxlandığı sahədir. Bulud saxlanc platformalarına GoogleMicrosoft kimi vacib şirkətlər də xidmət göstərir. 

Məruzəçi “İcloud” sistemi haqqında da məlumat verdi. Bildirdi ki,  2011-ci ildə 5 Gb pulsuz yaddaş ilə təqdim olunan iCloud istifadəçilərə Apple hesabı (Apple İD) vasitəsilə bütün cihazlarına məzmunu yaymaq imkanı verir. İstifadəçilər iCloud hesabını fərqli avadanlıqlarda (iPhone, iPad, iPod, Mac və fərdi kompüterlər) istifadə edə bilərlər. iCloud faylları təhlükəsiz saxlayır və bütün cihazlarınızda proqramlarınızı yenilənir.

Sonra “Dropbox” haqqında danışan S.Əliyev qeyd etdi ki, ABŞ-ın “Dropbox Inc” şirkəti tərəfindən idarə olunan, mərkəzi ofisi San-Fransisko, Kaliforniyada yerləşən və bulud saxlama, fayl sinxronizasiyası, şəxsi bulud və  kliyent proqramları təklif edən fayl hostinq xidmətidir. “Dropbox” istifadəçinin kompüterində xüsusi qovluq yaradaraq faylları mərkəzi yerdə bir araya gətirir.

O, dissertasiya işinin ikinci fəslində mobil hesablama buludlarının tətbiq sahələrindən bəhs etdi. Bildirdi ki, mobil hesablama buludlarının tətbiq sahələrinə mobil ticarət, mobil təlim, mobil səhiyyə,  mobil bankçılıq,  mobil oyun və mobil hökumət daxildir.

Tətqiqatçı vurğuladı ki, mobil hesablama buludlarında meydana çıxan problemlərə mobil qurğuların məhdud enerji mənbəyi, onların resurs qıtlığı və şəbəkə gecikmələri aiddir. Cloudlet əsaslı mobil hesablama buludlarında çatışmazlığı aradan qaldırmaq üçün hesablama buludlarının resurslarını istifadəçiyə yaxın yerləşdirmək lazım gəlir.  Beləliklə, mobil avadanlıqların bulud texnologiyalarından daha geniş və səmərəli istifadəsi üçün mobil operatorların baza stansiyalarının yaxınlığında cloudlet-lər yaradılır.

Mobil hesablama buludlarındakı təhlükəsizlik məsələlərinə aydınlıq gətirən məruzəçi söylədi ki, burada təhlükələr fiziki, tətbiqə əsaslanan və şəbəkə əsaslı təhlükələr olmaqla üç yerə ayrılır.

S.Əliyev qeyd etdi ki, dissertasiya işində mobil qurğuların mövcud vəziyyəti analiz edilmiş, mobil hesablama buludlarının bulud saxlanc platformalarının müqayisəli analizi aparılmışdır. Eyni zamanda mobil hesablama buludlarının arxitekturası analiz edilmış, bu texnologiyada meydana çıxan problemləri həll etmək üçün iyerarxik strukturlu cloudlet əsaslı  arxitektura təklif edilmişdir.

Sonra elmi rəhbər R.Ələkbərov çıxış edərək dissertasiya işi çərçivəsində qarşıya qoyulmuş məsələlərin həllinə nail olunduğunu və elmi nəticələrin əldə edildiyini bildirdi, təklif və tövsiyələrini səsləndirdi.

Dissertasiya işinin rəyçisi, institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov dissertasiya işinə dair irad və tövsiyələrini irəli sürdü, işin ümumi səviyyəsinin qənaətbəxş olduğunu söylədi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Elmi seminarda S.Əliyevin dissertasiya işinin növbəti mərhələyə təqdim olunması haqqında qərar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı