İnstitutun yeni doktorantlarının dissertasiya mövzuları ilə bağlı müzakirələr aparılıb May 05, 2021 | 01:23 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun yeni doktorantlarının dissertasiya mövzularının müzakirəsinə həsr olunmuş onlayn müşavirə keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açaraq əvvəlcə institutun doktoranturasına qəbul olunmuş gəncləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademik yeni doktorantların yüksəkixtisaslı kadr kimi formalaşmaları və elm sahəsində uğur qazanmaları baxımından onların tədqiqat mövzularının öz elmi maraq dairələrinə uyğun olaraq müəyyənləşdirilməsinin vacib olduğunu söyləyib.

İnstitutun struktur bölmələri üzrə fəaliyyət planlarının analiz edildiyini, prioritet elmi problemlərin müəyyənləşdirildiyini söyləyən R.Əliquliyev hər bir dissertasiya mövzusunun bütövlükdə ölkə maraqlarına xidmət etdiyini, eyni zamanda böyük elmi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Müəyyən olunan mövzuların informasiya texnologiyalarının müasir problemləri çərçivəsində elektron dövlət, informasiya təhlükəsizliyi, böyük verilənlərin analizi, kiberfiziki sistemlər, Əşyaların İnterneti, elektron tibb, bulud texnologiyaları və digər elmi istiqamətləri əhatə etdiklərini deyib.

Sonra akademik R.Əliquliyev yeni doktorantlar üçün nəzərdə tutulan dissertasiya mövzularını diqqətə çatdırıb. E-dövlət mühitində dil servislərinin yaradılması, tibbi sosial media mühitində qərarlarının qəbulunun dəstəklənməsi, elekton mühitdə demokratik proseslərin qeyri-səlis təkmil modellərinin işlənməsi, kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, coğrafi informasiya sistemlərinin (GİS) təhlükəsizliyinin təmin olunması və digər prioritet istiqamətlərdə tədqiqat mövzularının müəyyən olunduğunu, hər bir problemin müasir tələblərə və dünya elminin çağırışlarına cavab verdiyini bildirib.

Alim müasir dövrdə informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparan gənclərə böyük tələbat olduğunu diqqətə çatdıraraq, onlara institutda mövcud olan şəffaf elmi mühit və təcrübədən yararlanmağı tövsiyə edib.

“Əsas məqsədimiz intellektual kadrlar yetişdirərək institutun elmi potensialını daha da inkişaf etdirməkdir”, – deyə bildirən alim gənclərin elmi fəaliyyətə cəlb olunması və onlara dəstək göstərilməsinin institut qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib.

Sonra instituta “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “Kompüter elmləri” və “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə yeni qəbul olunmuş 4 doktorantın hər biri çıxış edərək bakalavr və magistratura təhsili, eləcə də maraqlı olduqları tədqiqat mövzuları haqqında ətraflı məlumat veriblər.

Dissertasiya mövzuları və hər bir mövzu üzrə elmi rəhbərlərin təyin olunmasına dair geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı