“Elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olundu Aprel 28, 2021 | 10:15 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun 13 saylı şöbəsinin elmi işçisi Günay İskəndərlinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

İddiaçı G.İskəndərli “Elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi” adlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, dissertasiya işi giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Mövzu üzrə 6 məqalənin (onlardan 4-ü “Web of Science” bazasında indeksləşən məcmuələrdə, 2-si AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə uyğun digər jurnallarda), həmçinin beynəlxalq və respublika səviyyəli konfransların materiallarında 7 məqalənin, 1 ekspres-informasiyanın çap olunduğunu bildirdi.

İnternet və informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə etməklə e-dövlətin göstərdiyi xidmətlərin səmərəsinin yüksəldilməsi, cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində aktiv iştirakının təmin edilməsi, e-dövlətin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, e-dövlətdə gizli fəaliyyət göstərən müxtəlif məqsədli sosial şəbəkələrin aşkarlanması, e-vətəndaşların məmnunluğunun təmin olunması, o cümlədən e-vətəndaşların və regionların əsas maraq dairələrinin müəyyən olunmasının zəruriliyindən söz açan məruzəçi bu baxımdan tədqiqat mövzusunun aktual olduğunu nəzərə çatdırdı.

G.İskəndərli bildirdi ki, dissertasiya işinin məqsədi e-dövlətin təhlükəsizlik səviyyəsinin və e-dövlətin göstərdiyi xidmətlərin səmərəsinin, keyfiyyətinin yüksəldilməsi üçün sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə e-dövlətin araşdırılması, bu mühitdə səmərəli qərarların qəbulunu dəstəkləyən sistemlər üçün yeni yanaşmalar, metod və alqoritmlərin təklif edilməsidir.

O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək tədqiqat zamanı e-dövlətin analizində sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının rolunun araşdırıldığını, o cümlədən e-dövlətə qoyulan tələblər və onun inkişafına yanaşmaların, e-dövlətin inkişafının və analizinin əsas problemlərinin müəyyən olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, e-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu, e-dövlətdə fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması və analizi üçün sentiment analiz texnologiyasına əsaslanan metod və alqoritm, e-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin avtomatik qiymətləndirilməsi üçün metod işlənmişdir.

Sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova işi yüksək qiymətləndirərək əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın AAK tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, eləcə də irad və təkliflərini səsləndirdilər.

Dissertasiya işi üzrə elmi elmi rəhbər – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev çıxış edərək, mövzunun aktuallığını önə çəkdi. Alim iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Elmi rəhbər işin yüksək səviyyədə yerinə yetirildiyini, AAK-ın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. İddiaçı çoxsaylı sualları cavablandırdı.

Akademik Rasim Əliquliyev çıxış edərək, elektron dövlətin tədqiqat obyekti kimi daha dərindən və geniş araşdırılmasının vacibliyini önə çəkdi, təklif və tövsiyələrini səsləndirdi. Alim tədqiqat işinin ölkəmizdə formalaşan, yüksək texnologiyalara əsaslanan cəmiyyətin elmi təminatına, mövcud elmi problemlərin həllinə böyük töhfə olduğunu bildirərək, dissertasiyanı yüksək qiymətləndirdi.

Sonda elmi seminarda tam tərkibdə açıq səsvermə keçirildi. Dissertasiya işinin yekdilliklə növbəti mərhələyə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı