Science 4.0 çərçivəsində yaranan böyük həcmli verilənlər problemi araşdırılır Aprel 16, 2021 | 10:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Science 4.0 çərçivəsində yaranan böyük həcmli verilənlər probleminin araşdırılması” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Şahanə Mansurova Sənaye 4.0 və Science 4.0, Sənaye 4.0 texnologiyalarının müxtəlif elm sahələrində tətbiqi, Big Data analitikası, maşın təlimi alqoritmləri və tətbiqləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Dördüncü Sənaye İnqilabı və ya Sənaye 4.0 platforması Əşyaların İnterneti (Internet of Things – IoT), kiberfiziki sistemlər, süni intellekt, robototexnika kimi qabaqcıl texnologiyalarla birbaşa bağlıdır. O, biotexnologiya, nanotexnologiya, bərpa olunan enerjidən kvant hesablamasına qədər bir çox sahələrdə tətbiq olunur. Dördüncü Sənaye İnqilabını digər inqilablardan köklü şəkildə fərqləndirən də istifadə olunan texnologiyaların bir-birilə sıx birləşməsi, fiziki, rəqəmsal və bioloji sahələrdə qarşılıqlı təsirdə olmasıdır.

IoT tətbiqləri barədə məlumat verən məruzəçi paylanmış IoT qurğuları vasitəsilə generasiya olunmuş verilənlərin, heterogen mənşəli verilən mənbələrindən əldə edilmiş verilən tiplərinin müxtəlifliyi, IoT məlumat axınlarında qeyri-müəyyənlik kimi səbəblərə görə, miqyaslanmanın effektiv balanslaşdırılmasında IoT verilənlərinin analizinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

O, böyük verilənlərin emalı və saxlanması, vizuallaşması, analizi, təhlükəsizliyi kimi Big Data problemlərindən danışdı. Bildirdi ki, böyük verilənlərin analizi onun əsas problemlərindəndir. Bu problem Big Datanın xarakteristikaları, mövcud analiz model və metodları, verilənlərin emalı sistemlərinin məhdudiyyətləri ilə bağlıdır. Verilənlərin həcminin eksponensial artması və real zamanda onların analizinə olan tələbat böyük verilənlərin ən əsas problemlərindən hesab edilən böyük verilənlərin analitikasının (Big Data Analytics) yaranmasına gətirib çıxarıb.

Ş.Mansurova, həmçinin müəyyən giriş verilənləri ilə əldə ediləcək xüsusi hədəflər müəyyən edildiyi halda həyata keçirilən Supervised learning, klassifikasiya və reqressiya problemlərinin həlli üçün istifadə edilən KNN alqoritmi, Bayes teoreminə əsaslanan klassifikasiya alqoritmi olan Naive Bayes, qərar ağacları (Decision Trees) barədə ətraflı məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı.

“Sənaye 4.0 konsepsiyasını təşkil edən texnologiyaların elm mühitində geniş tətbiqi Science 4.0-ın yaranmasına və elmi verilənlərin eksponensial artımına səbəb olmuşdur. Böyük həcmli verilənlər mühitində problemin ənənəvi metodlar, texniki və proqram vasitələri ilə həlli mürəkkəbləşir və onların təkmilləşdirilməsi ilə yanaşı, yeni yanaşmalar tələb edir”, – deyə bildirən məruzəçi bu baxımdan elm sahələrinin konkret məsələlərində yeni elmi biliklərin aşkarlanması üçün yeni metod və alqoritmlərin işlənməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

Sonda şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək, məruzəyə dair təkliflərini səsləndirdi, bu istiqamətdə tədqiqatların davam etdirilməsini tövsiyə etdi. Mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı