İnformasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemləri tədqiq olunur Aprel 15, 2021 | 12:13 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi.

“İnformasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərinin tədqiqi” mövzusunda məruzəni şöbənin böyük elmi işçisi Könül Daşdəmirova təqdim edərək öncə informasiya, informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi anlayışlarına aydınlıq gətirdi.

İnformasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyinə yönəlmiş təhdid mənbələrindən bəhs edən məruzəçi qeyd etdi ki, təhdid mənbələri şəxsin, cəmiyyətin və dövlətin maraqlarına təsir edən mənbələr olmaqla 3 yerə ayrılır.

O, virtual informasiya məkanı, sosial mühəndislik, zərərverici proqramların şəxsin maraqlarına təsir edən təhdid mənbələri olduğunu söylədi.

K.Daşdəmirova cəmiyyətin maraqlarını təhdid edən amillər kimi cəmiyyətin həyatını təmin edən vacib infrastrukturların informasiya sistemlərinə və rabitə şəbəkələrinə yönəlmiş hücumlarını, yeni media vasitələrinin hər hansı bir qrup şəxsin əlində cəmləşməsini və s. misal göstərdi.

Tədqiqatçı bildirdi ki, informasiya silahları, informasiya müharibələri, terrorizm və ekstrenizm təhdidləri dövlətin maraqlarını təhdid edən amillərə daxildir.

Sonra o, informasiya təhlükəsizliyinin pozulmasının mümkün hallarının üç əsas kateqoriyaya ayrıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, buraya informasiyanın konfidensiallığı, tamlığı və əlçatanlığının pozulması daxildir.

Məruzəçi informasiya təhlükəsizliyinin təmin edilməsi metodlarını da diqqətə çatdırdı. Onun sözlərinə görə, buraya informasiyanın hüquqi, təşkilati, texnoloji metodlarla mühafizəsi və mənəvi-etik metodlar aiddir.

İnformasiya təhlükəsizliyi sahəsində dünya təcrübəsindən söz açan məruzəçi bildirdi ki, 100-ə yaxın dövlətdə informasiya əldə etmək hüququ haqqında qanun qəbul edilib. “İlk milli kibertəhlükəsizlik strategiyası ABŞ tərəfindən qəbul edilmişdir. Daha sonra isə Avropa ölkələrində də kibertəhlükəsizlik strategiyaları hazırlanmağa başlanmışdır,” – deyə o, əlavə etdi.

K.Daşdəmirova Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinə də toxundu, bu sahədə qəbul edilmiş qanun, sərəncam və fərmanları diqqətə çatdırdı. Söylədi ki, Azərbaycanda informasiya təhlükəsizliyinin hüquqi əsasları ilə yanaşı, informasiyanın etibarlı mühafizəsi sahəsində də təhlükəsizlik tədbirlərinin artırılması, yeni metod və alqoritmlərin işlənilməsi üçün elmi-tədqiqatlar aparılır.

Məruzəçi qeyd etdi ki, informasiya mühiti və informasiya texnologiyalarının imkanlarından adekvat istifadə fərdin, sosial qrupun, cəmiyyətin uğurlu və təhlükəsiz fəaliyyətinin açarı ola bilər. Əks təqdirdə, informasiya cəmiyyətinin istifadəçilər üçün yaratdığı imkanlar mənfi nəticələrə gətirib çıxara bilər.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı