Akademik Rasim Əliquliyev: “Elm cəmiyyətin idarə olunmasında mühüm missiya daşıyır” Aprel 01, 2021 | 02:36 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmin fəlsəfəsi, məqsədləri və prioritetləri ilə bağlı fikirlərini bölüşüb.

Alim son zamanlar AMEA-da həm bu elm ocağının, həm də, bütövlükdə, Azərbaycan elminin qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində məqsədyönlü islahatların aparıldığını nəzərə çatdırıb. Qeyd edib ki, bu islahatların əsas hədəfi ölkəmizdə elə bir elmi mühit formalaşdırmaqdır ki, bu mühit digər sektorlarla çulğalaşsın, qabaqcıl fundamental biliklər tətbiqi sahələrə yönəldilərək, ölkəmizdəki innovasiya mühitinə, həmçinin azərbaycançılıq ideologiyasına dəstək versin.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, elm özü mahiyyəti və fəlsəfəsinə görə yeni ideyaların yaradıldığı, mövcud ideyalar məcmusuna və bilik sistemi ilə müəyyən mənada fərqli, əks mövqedə olan fəaliyyətdir: “Məhz buna görə də tarixən elmin cəmiyyətdə müəyyən bir leqal, sivil qaydada status alması üçün min illər lazım olmuşdur. Elm elə bir xüsusi insan fəaliyyəti və ideoloji gücdür ki, o, cəmiyyətin idarə olunmasında, onun təşkilatlanması, irəliləməsi və inkişafında mühüm missiya daşıyır”.

R.Əliquliyev elm inkişaf etdikcə onun özünün tədqiqat obyektinə çevrildiyini, daha da şaxələndiyini deyib. Bildirib ki, kütləvi informasiya vasitələrində elmin folkloru, riyaziyyatı, informatikası, linqvistikası, eləcə də, keçmişi, bu günü və gələcəyi ilə bağlı geniş müzakirələrin təşkili son dərəcə vacibdir: “Elm ictimailəşməli, kütləviləşməlidir. Hər bir cəmiyyətin aparıcı qüvvəyə malik olan fəal insanları elmin fəlsəfəsi ilə minimum silahlanmalıdır ki, onun inkişafına dəstək verə bilsin. Elmi dərinləşdirmək, yeni baxışlar ortaya qoymaq bu sahədə fəaliyyət göstərən hər kəsin əsas vəzifəsidir. Bu gün rəqabətli mühitdə fəaliyyət göstərən elm mahiyyəti, fəlsəfəsi, hədəfləri, predmeti və missiyasına görə tamamilə yeni sosial intellektual mühitə inteqrasiya olunur”.

İnstitut direktoru 44 günlük Qarabağ müharibəsində əldə etdiyimiz böyük tarixi qələbənin hər kəsdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edərək, düşmən tapdağından azad olunmuş ərazilərimizdə “ağıllı” şəhərlər və kəndlər, intellektual sistemlər, infratstrukturların yaradılmasının qarşımızda duran əsas vəzifələrdən olduğunu söyləyib. Qeyd edib ki, ölkədə biliklər iqtisadiyyatını formalaşdıraraq yüksək keyfiyyətli, intellektli insan resursları yetişdirməli, gəncləri elmə, qabaqcıl texnologiyalara həvəsləndirməliyik.

R.Əliquliyev bildirib ki, cəmiyyətin inkişafının əsas vektoru informasiya cəmiyyəti və informasiya texnologiyalarının üzərində qurulub. Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən alimlər multidissiplinar tədqiqatlar aparmaqla digər sferaların inkişafına dəstək verməlidir.  

Alim rəhbərlik etdiyi qurumun ölkəmizdə gedən informasiya cəmiyyəti quruculuğu proseslərində fəal iştirak etdiyini söyləyib. İnstitutda dövlətin qarşıya qoyduğu vəzifələrə adekvat olaraq informasiya təhlükəsizliyi, Big Data, Data Mining, elektron dövlət, proqram mühəndisliyi, bulud texnologiyaları, süni intellekt texnologiyaları və digər sahələrdə həyata keçirilən tədqiqatlarla yanaşı, elmşünaslıq, elmmetriya və elektron elm istiqamətində bir sıra əhəmiyyətli araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu deyib.

“Dövlət başçısının elmə verdiyi qiymət və yaratdığı şərait, eyni zamanda, cəmiyyətdə innovativ proseslərin, yüksək texnologiyaların inkişafı bir daha bütün ölkə alimləri, xüsusən də, AMEA-nın elmi müəssisə və təşkilatlarının qarşısına çox mühüm məsuliyyətli vəzifələr qoyur. Biz də dövlətimizin elm siyasətinə həmrəy olaraq təşkilatlanmalı, məqsəd və vəzifələrin həyata keçirilməsində fəallıq nümayiş etdirməli, elmin təbliğatçısına çevrilməliyik”, – deyə alim çağırış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı