E-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin bəzi aspektləri tədqiq olunub Mart 02, 2021 | 01:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “E-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin bəzi aspektləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev əvvəlcə e-demoqrafiya sisteminin təyinatı, arxitekturası və informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verdi.

Məruzəçi ölkəmizdə demoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini diqqətə çatdırdı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkə alimləri qarşısında demoqrafik tədqiqatların genişləndirilməsi ilə bağlı bir sıra vəzifələr qoyulduğunu qeyd etdi.

Daha sonra məruzəçi demoqrafik informasiya mənbələrinin qısa xarakteristikasını verdi, e-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin məşhur üç aspekti (konfidensiallıq, tamlıq və əlyetərlik) ilə yanaşı, yeni məsələlərin – demoqrafik informasiyanın dürüstlüyü (səhihliyi) və fərdi məlumatların təhlükəsizliyi məsələlərinin aktuallıq qazandığını vurğuladı: “Məsələn, demoqrafik informasiyanın emalında və əlaqədar istifadəçilərə təqdim olunmasında təhriflər mümkündür (məsələn, pis göstəriciləri gizlətmək üçün). Bu, yüksək səviyyəli idarəetmə qərarlarının keyfiyyətinə təsir edə bilər. Demoqrafik informasiyanın yeni mənbələri – sosial media verilənləri kifayət qədər reprezentativ olmaya bilər”.

Y.İmamverdiyevin sözlərinə görə, e-demoqrafiya sistemi müxtəlif informasiya təhlükəsizliyi domenlərinə aid sistemlərin təhlükəsiz inteqrasiyasını nəzərdə tutur. Bu, müvafiq informasiya təhlükəsizliyi risklərinin (proaktiv yanaşma) və insidentlərinin (reaktiv yanaşma) idarə edilməsi, həmin sistemlərin informasiya təhlükəsizliyi tələblərinə uyğunluq baxımından sertifikatlaşdırılması və attestasiya edilməsi məsələlərini diqqət mərkəzinə gətirir.

Demoqrafik təhlükəsizliyin mühüm milli təhlükəsizlik məsələsi olduğunu qeyd edən məruzəçi, demoqrafik informasiya resurslarına girişlərin idarə edilməsinin vacibliyini diqqətə çatdırdı. Bu baxımdan e-demoqrafiya sistemlərində əsas informasiya təhlükəsizliyi məsələlərindən birinin istifadəçilərin autentifikasiyası olduğunu söylədi.

Məruzəçi fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş de-identifikasiya metodları, o cümlədən “təhlükəsiz liman” yanaşması haqqında məlumat verdi. Qeyd etdi ki, bu metodlar fərdi məlumat toplularından bir sıra həssas məlumatların silinməsini, şifrələnməsini və ya xüsusi şəkildə kodlaşdırılmasını nəzərdə tutur.

Y.İmaverdiyev müasir intellektual analiz metodlarının anonimləşdirilmiş fərdi məlumatları bərpa (re-identifikasiya) etməyə imkan verdiyini qeyd edərək bu metodlar haqqında da məlumat verdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı