Elmi-tədqiqat fəaliyyəti nəticələrinin səmərəliliyi, innovasiyalılığı və kommersiyalaşdırılması problemləri müzakirə olundu Mart 01, 2021 | 12:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 8 saylı şöbənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “Elmi-tədqiqat fəaliyyəti  nəticələrinin  səmərəliliyi, innovasiyalılığı və kommersiyalaşdırılması problemləri” mövzusuna həsr edilmiş məruzəsi dinlənildi. 

Dosent Ə.Əliyev bu  məsələnin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd edərək əvvəlcə Kornell Universiteti (ABŞ), INSEAD Biznes məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə hazırlanan “Qlobal İnnovasiya İndeksi-2020” (“The Global Innovation Index-2020”) haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Qlobal İnnovasiya İndeksi 2020-ci ilin səviyyəsinə görə 131 ölkədə innovasiyanın effektivliyinin qiymətləndirilməsi nəticəsində  0-100 şkalasında 27.23 balla 82-ci yerdə qərarlaşmışdır. O, bildirdi ki, 2019-cu ilin hesabatında 129 ölkə arasında Azərbaycan 84-cü yerdə olmaqla, bu il 2 pillə irəliləmişdir. Əvvəlki 2018-ci ildə isə Qlobal İnnovasiya İndeksi üzrə Azərbaycan 82-ci yerə malik olmaqla bundan daha yaxşı yerə sahib olmuşdur. Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər  - Estoniya (25-ci yer), Latviya (36-cı yer) Litva (40-cı yer), Ukrayna 45-ci və Rusiya 47-ci yerlərdə olduğu diqqətə çatdırldı.

Məruzəçi Azərbaycanın 2020-ci ildə Qlobal İnnovasiya İndeksinə görə postsovet məkanında yalnız Orta Asiya ölkələrini üstələdiyini  qeyd etdi. O, həmçinin Qlobal İnnovasiya İndeksi 2020-ci ilin səviyyəsinə görə Türkiyənin 51-ci, Ermənistanın 61-ci, Gürcüstanın 63-cü, Qazaxstanın 77-ci yerlərdə olduğunu bildirdi. Ə.Əliyev hesabatın 2020-ci il üzrə liderinin İsveçrə olduğunu qeyd edərək, diqqətə çatdırdı ki, ondan sonra İsveç, ABŞ, Böyük Britaniya və Niderland bu siyahıda qərarlaşıblar. O, bildirdi ki, siyahıda Çin 14-cü yerdədir. 

Ə.Əliyev qeyd etdi ki, Qlobal İnnovasiya İndeksi innovasiya fəaliyyəti üzrə 80 indikator əsasında tərtib olunur. Həmin indikatorlar “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindekləri üzrə institusional şərait, insan kapitalı və elm, infrastruktur, daxili bazarın inkişafı,  biznesin inkişafı, biliklər və texnologiyaların inkişafı, yaradıcı fəaliyyətin nəticələri kimi göstərici qruplarına bölünmüşdür. Bu hesabatda Azərbaycanın ən zəif göstəricilərinin “İnstitusionallıq”, “Daxili bazarın inkişafı” və “Yaradıcı fəaliyyət” sahəsində olduğu qeyd olunmuşdur.

Məruzəçi Azərbaycan alimlərinin ordumuzun 2-ci Qarabağ müharibəsində əldə etdiyi qələbəni elm və innovasiya cəbhəsində də təkrar edə biləcəyinə əminliyini ifadə etdi.

Sonra Ə.Əliyev məruzəsinin əsas hissəsinə keçərək elmi-tədqiqat fəaliyyətinin müasir xüsusiyyətləri, innovasiyanın sosial-iqtisadi xüsusiyyətləri, innovasiya prosesi və innovasiya fəaliyyətinin təşkili haqqında, elmi innovasiya fəaliyyətinin xüsusiyyətləri, innovasiyaların idarə edilməsi,  innovativ mühitin, innovasiya sistemlərinin və milli innovasiya sisteminin formalaşması, innovasiya prosesinin maliyyələşdirilməsinin  təşkili xüsusiyyətləri, elmi-tədqiqat fəaliyyətinin maliyyələşməsi, elmi tədqiqat fəaliyyətinin nəticələrinin və innovasiyaların kommersiyalaşdırılması məsələləri, innovasiya fəaliyyətinin ölçülməsinin metodoloji əsasları, müvafiq sahədə beynəlxalq reytinqlər, İKT üzrə bəzi mühüm elmi nəticələr və onların kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilər və qiymətləndirmələr, innovasiyaların kommersiyalaşması və idarə edilməsinin  aktual  elmi problemləri, elmi problemin tədqiq olunma mənbələri haqqında ətraflı məlumatlar verdi, təhlillər apardı. 

Dos. Ə.Əliyev elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prioritetləri olan elmi və innovasiya potensialından səmərəli istifadənin təmin edilməsi və gücləndirilməsi, innovasiya və yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi, elmi fəaliyyətin dünya standartlarına uyğunlaşdırılması, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi, elmin davamlı və sistemli inkişafının təmin edilməsi məsələlərinin şərhini verdi. Elmi-tədqiqat fəaliyyətinin prioritetləri, elmi-tədqiqat fəaliyyətinin nəticələrinin, elmi-innovasiyaların kommersiyalaşdırılması məsələlərinin əhəmiyyətini vurğuladı. 

Ə.Əliyev elmi fəaliyyət subyektləri, fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental tədqiqatlar, elmi fəaliyyətin növləri və  istiqamətləri, elmşünaslıq, elmi fəaliyyətin subyektləri və iştirakçıları,  elmi strukturlar, akademik strukturlar, AMEA, onun fəaliyyət istiqamətləri, sahə elmi, vətəndaş elmi haqqında ətraflı məlumatlar verdi.

Hazırkı dövrdə  elm, təhsil və iqtisadiyyatın vəhdəti, onlar arasındakı əlaqələrin gücləndirilməsinin, biliklərə, informasiyaya və innovasiya əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsinin, innovativ, elmtutumlu və İKT əsaslı yüksək texnologiya məhsullarının istehsalının, yüksək texnologiyalar parkının elmi müəssisələrlə inteqrasiyasının təmin edilməsinin, texnoparklar, texnologiya transferi mərkəzlərinin, innovasiyalı elm-təhsil və təcrübə-istehsalat mərkəzlərinin yaradılmasının, elmi-innovasiya fəaliyyətinin, fundamental və tətbiqi tədqiqatların inkişafının stimullaşdırılmasının, elmi-tədqiqat fəaliyyətinin nəticələrinin, innovativ işləmələrin  kommersiyalaşdırılması  məsələlərinin, IV Sənaye inqilabı elementlərinin elmi-tədqiqat müəssisələrinin fəaliyyətində reallaşması və tətbiq olunmasının aspektlərini diqqətə çatdırdı.

O, elmin inkişafının əsas məqsədi və vəzifəsini, elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifələrini, elm haqqında ölkə qanunvericiliyinin əsaslarını şərh etdi.  Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini, AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının əsasları və fəaliyyət istiqamətlərini, elmi infrastrukturun modernləşdirilməsini, əqli mülkiyyət hüququnun qorunması, elmi fəaliyyətin informasiya təminatı məsələlərinin müasir dövr üçün əhəmiyyət kəsb etdiyini bildirdi.

Ə.Əliyev elmi-tədqiqat  fəaliyyətinin nəticələrinin, elmi innovasiyaların kommersiyalaşma potensialının qiymətləndirilməsi üçün ilkin olaraq elmi yenilik və  innovasiyalılıq dərəcəsi, praktiki  tətbiq oluna bilmə dərəcəsi, özxərcini ödəmə və gəlir yaratma dərəcəsi, investor tapmaq və maliyyələşmənin təminatlılığı dərəcəsi, resurslarla təminatlılıq dərəcəsi, maliyyələşmənin nisbi həcmi dərəcəsi, nəticənin kütləvi tələbatlılıq və  bazar həcmi dərəcəsi, sosial faydalılıq və ekoloji keyfiyyətlilik dərəcəsi, kommersiyalaşma dövrünün nisbi müddətliliyi dərəcəsi, innovasiya məhsulunun gələcək satış qiyməti dərəcəsi kimi subindekslərin (göstəricilərin) təklif olunduğunu bildirdi. 

Alim elmi-tədqiqat  fəaliyyətinin nəticələrinin, innovasiyaların kommersiyalaşması və idarə edilməsinin  aktual  elmi problemlərini də diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. 

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi-tədqiqat  fəaliyyətinin, elmi innovasiyaların kommersiyalaşdırılması istiqamətlərdə aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı, təklif və tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı