Folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizə metod və alqoritmləri işlənilir Fevral 25, 2021 | 07:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı “Zoom Meeting” proqramı vasitəsilə onlayn keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev elmi seminarın şöbəyə təhkim olunmuş dissertant Səadət Məmmədovanın “Folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizə metod və alqoritmlərinin işlənməsi” mövzusunun və bu şöbənin əməkdaşları, doktorant və dissertantlarının 2021-ci ildə elmi fəaliyyətləri ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

Məruzəni təqdim edən AMEA Naxçıvan bölməsinin dissertantı S.Məmmədova bildirdi ki, folklor xalqların şifahi poetik yaradıcılığı olub, şifahi ənənədə mövcud olan bilikdir. Termin olaraq, ilk dəfə 1846-cı ildə Uilyam Toms tərəfindən irəli sürülmüşdür. Kibercinayətkarlıqla bağlı geniş tədqiqatlar aparmış Berri Uilyam və Koqan Ceykob internetin cəmiyyətdə rolunu şərh edərək, onun üstünlük və çatışmazlıqlarından söz açıblar. İnterneti elektron poçt, onlayn çat və sosial şəbəkələr vasitəsilə insanların daha rahat əlaqə saxlaması üçün mühüm vasitə kimi dəyərləndiriblər. Lakin kibercinayətkarlıq, internet yırtıcılığı və s. kimi pis niyyətli əməllərin kompüter istifadə etməkdə kifayət qədər təcrübəyə malik olmayan şəxslər, xüsusilə gənc və yeniyetmələr üçün təhlükə yaratdığını bildiriblər.

“Bildiyimiz kimi, insanlar internetə geometrik məlumatlarla, yəni üz cizgiləri və barmaq izləri ilə deyil, IP-ünvan vasitəsilə daxil olurlar. Buna baxmayaraq, son zamanlarda əksəriyyətin istifadə etdiyi VPN tətbiqləri ilə qarşıdakı şəxsə saxta IP-ünvanı ötürmək mümkündür ki, bu da virtual məkanda kibercinayətkarlığın geniş yayılmasına imkan yaradır. Müvafiq istiqamətdə aparılmış tədqiqatlara istinad edərək, folklorun informasiya təhlükəsizliyində mühüm rol oynaya biləcəyini demək olar. İnformasiya təhlükəsizliyinin təmin edilməsində folklorun verdiyi unikal imkanları müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Fərd mənsub olduğu sosial qrupun folklorik portretini işarələyir, onun peşə, dünyagörüşü, kollektiv maraq spesifikasını təcəssüm etdirir. Folklor milli obraz kimi insanların spesifik cizgilərini əks etdirən güzgüdür. Folklor faktı arxasında müəyyən bir informasiya və mesaj dayanır”, – deyə məruzəçi söylədi. Bildirdi ki, tədqiqatçılar kibercinayətkarlıqla mübarizədə Text Mining texnologiyalarının mühüm rol oynaya biləcəyini vurğulayaraq qeyd edirlər ki, cinayətin anlaşılması, təsbit edilməsi və qarşısının alınması üçün şəbəkə mühəndislərinin, psixoloqların, sosioloqların, hüquq-mühafizə orqanlarının və kommunikasiya mütəxəssislərinin qarşılıqlı əlaqəsi vacibdir.

S.Məmmədova kibercinayətkarlığın növləri, kiberhüquq, kibertəhlükəsizlik haqqında ətraflı məlumat verdi, müvafiq nümunələri seminar iştirakçılarının diqqətinə çatdırdı.

Sonra çıxış edən akademik R.Əliquliyev müasir texnologiyalar vasitəsilə müxtəlif əlamətlərə görə (cinsi, yaşı, sifət cizgiləri və s.) cinayətkarların tanınmasının, folklor resurslarından istifadə etməklə cinayətkarların kimliyinin müəyyənləşdirilməsinin mühüm məsələ olduğunu bildirərək tədqiqat işinin aktuallığından söz açdı. Məsələnin həm də mədəni irsin qorunmasında böyük əhəmiyyət daşıdığını vurğuladı.

Alimin sözlərinə görə, folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı araşdırma aparan tədqiqatçı ilk növbədə, virtual məkanda təhlükəsizlik, kibercinayətkarlıq və onun növləri, kibercinayətkarlıqla mübarizə üsullarına dair bütün zəruri biliklərə malik olmalıdır. Rəqəmsal folklor, onun strukturu, səviyyələri, növləri, bazaları, informasiya resursları dərindən tədqiq edilməlidir. Müvafiq sahə üzrə beynəlxalq təcrübə öyrənilməli, inkişaf etmiş ölkələrdə bu istiqamətdə aparılan tədqiqatlar, çağırışlar, qəbul olunmuş hüquqi-normativ sənədlər, bəyannamələr araşdırılmalıdır.

“Cinayətkarlar kimliklərini gizlətmək üçün müasir texnologiyaların imkanlarından məharətlə istifadə edirlər. Lakin folklorun saxtalaşdırılması, folklorik portretin dəyişdirilməsi indiki dövrdə belə qeyri-mümkündür. Bu səbəbdən folklordan istifadə etməklə kibercinayətkarlara qarşı daha səmərəli şəkildə mübarizə aparmaq olar”, – deyə alim bildirdi. Qeyd etdi ki, kibercinayətkarlığa qarşı mübarizə üçün ən səmərəli yollardan biri də folklor psixologiyasının araşdırılması, folklorun rəqəmsallaşdırılması, strukturlaşdırılması, təsnifatı nəticəsində müvafiq dendroqramın qurulmasıdır. İntellektual folklor filterinin qurulması və istifadəçilərin bu filterdən keçməsi sayəsində cinayətkarın kimliyinin müəyyənləşdirilməsi, onun tanınması bu işin əsasını təşkil edir.

İnstitutun direktoru tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğuladı: “Məqsədimiz folklor nümunələrinin toplanması deyil, ümumi metodoloji cəhətdən dendroqramın qurulması, müvafiq sahəyə dair zəruri biliklərdən istifadə etməklə rəqəmsal folklor informasiya sisteminin yaradılmasıdır. Bu sistem əlçatan mühitdə yerləşdirilməli, müəyyən praktiki müstəviyə gətirilməlidir ki, ondan folklorşünaslar, informasiya-kommunikasiya texnologiyaları mütəxəssisləri, diplomatlar, politoloqlar, kulturoloqlar və s. kimi müxtəlif peşə nümayəndələri rahatlıqla istifadə edə bilsinlər”.

Akademik R.Əliquliyev dissertasiya mövzusunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin tədqiqat işində nəzərə alınmasının önəmini vurğuladı.

Sonra məruzəyə dair fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr irəli sürüldü.

Daha sonra şöbənin əməkdaşları, doktorant və dissertantlarının cari il üzrə elmi fəaliyyətləri ilə bağlı görüləcək işlər müzakirə olundu. Onlar elmi-tədqiqat işlərinin davam etdirildiyini diqqətə çatdırdılar.

Sonda çıxış edən şöbənin rəhbəri, akademik Rasim Əliquliyev şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı təkliflərini səsləndirdi. Alim şöbədə aparılan elmi-tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsi və dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı