COVID-19 şəraitində vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıq vasitələri tədqiq olunur Fevral 22, 2021 | 02:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “COVID-19 şəraitində vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıq vasitələri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək texnoloji yeniliklərlə müşayiət olunan hazırkı dövrdə vətəndaş elminin e-elmin yeni bir istiqaməti kimi inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə vətəndaş elmi müxtəlif sahələrdə tətbiq edilir.

Vətəndaş elmi layihələrinin müxtəlif xəstəliklərin qarşısının alınmasında da uğurla həyata keçirildiyini qeyd edən məruzəçi hazırda bütün dünyanı cənginə alan COVID-19 pandemiyasının vətəndaş elminə öz təsirini göstərdiyini vurğuladı.

N.Verdiyeva bildirdi ki, COVID-19 şəraitində vətəndaş elmi layihələrinin inkişaf istiqamətlərinə pandemiya şəraitində  vətəndaş elmi layihələrinin fəaliyyətinin davam etdirilməsi və pandemiyanın qarşısının alınması məqsədilə vətəndaş elmi layihələrindən istifadə aiddir.

“Vətəndaş elmi layihələri həmçinin COVID-19 səbəbindən öz ənənəvi elmi fəaliyyətlərini dayandırmalı olmuş alimlər üçün də geniş imkanlar açır. Müasir informasiya texnologiyalarının son nailiyyətlərini uğurla tətbiq edən vətəndaş alimlər öz elmi fəaliyyətlərini davam etdirmək üçün hər cür resurslara malikdirlər”, - deyə məruzəçi bildirdi.

Onun araşdırmalarına görə, “Zooniverse” layhəsinin yaradıcılarından olan Chriss Lindott pandemiya şəraitində vətəndaş elmi layihələrində daha yüksək aktivlik müşahidə etdiyini qeyd edib. Eyni zamanda onlayn Alzheymer oyunu “Stall Catchers” layihəsinin iştirakçı sayında da artım müşahidə olunub.

N.Verdiyeva COVID-19 ilə bağlı bəzi onlayn vətəndaş elmi layihə təşəbbüslərini də diqqətə çatdırdı. Buraya “Covid Near You”, “Foldit”, “Kaggle”, “Zooniverse” və s. aid olduğunu söylədi.

Sonda məruzəçi qeyd etdi ki, ənənəvi elmi fəaliyyətdə durğunluq yaradan COVID-19 pandemiyası vətəndaş elminin inkişafına xələl gətirə bilməməklə yanaşı, elmi fəaliyyətdə onlayn iştirakın aktuallığını da artırıb.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri Təhmasib Fətəliyev  vətəndaş elmi layihələrində istifadə olunan onlayn əməkdaşlıqla bağlı tədqiqatların davam etdirilməsi və tanınmış jurnallarda nəşr olunmuş məqalələrin araşdırılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı