Ətraf mühitin akustik küy çirklənməsi üzrə tədqiqatlar davam etdiriləcək Fevral 04, 2021 | 10:36 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2021-ci il üçün elmi-tədqiqat planı onlayn formada müzakirə edildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev şöbənin cari ildə elmi-tədqiqat və digər istiqamətlərdə fəaliyyəti haqqında məlumat verdi. O bildirdi ki, cari ildə “İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” üzrə bir sıra mövzularda elmi-nəzəri və elmi-texniki tədqiqatların aparılması planlaşdırılır.

Məruzəçi bu problem çərçivəsində “Akustik küy idarəçiliyi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və müqayisəli analizi”, “Bəzi eksperimental obyektlərdə akustik küy vəziyyətinin monitorinqinin aparılması və mühafizə tədbirlərinin müəyyənləşdirilməsi metodikasının işlənməsi” mövzularının planlaşdırıldığını qeyd etdi və onların gözlənilən məzmununun qısa şərhini verdi. Qeyd etdi ki, şöbə, həmçinin  daha bir problem - “Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri” çərcivəsində “MDB ölkələrində elektron tullantıların idarəçiliyi sahəsindəki mövcud vəziyyətin monitorinqi və müqayisəli analizi”, “Elektron tullantıların müasir idarəçilik modelləri. Azərbaycan modelinin seçilməsi və əsaslandırılması” və “Neft-qaz sənayesində elektron tullantıların idarəetmə sisteminin yaradılması üçün təkliflərin işlənməsi” kimi mövzularda araşdırmaların aparılması nəzərdə tutulur. Məruzəçi qeyd olunan mövzularda həll edilməsi nəzərdə tutulan məsələlərin mahiyyəti haqqında qısa şərh verdi.

Sonra B.Ağayev cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri çərçivəsində görüləcək işlər haqqında məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı. Texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə bəzi kritik ərazilərdə akustik küy çirklənməsi vəziyyətinin monitorinqi üzrə planlaşdırılan eksperimental tədqiqatların aparılması üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırdı.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirdi. Qeyd etdi ki, şöbə əməkdaşları öz tədqiqat işlərinin effektivliyini daha da artırmaq məqsədilə, o cümlədən, monitorinq prosesində səs sensorlarından toplanan böyük həcmli informasiyanın emalı, strukturlaşmamış verilənlərdən biliklərin əldə edilməsi üçün müasir intellektual emal metodlarından, Big Data, Deep Learning, Machine Learning və s. təlimlərdən daha geniş istifadə etməli, məqalələrin elmi yükünü artırmalıdırlar.

Elmi şuranın qərarı ilə şöbənin planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı