İnformasiya təhlükəsizliyinin aktual elmi problemləri müzakirə olundu Noyabr 30, 2020 | 07:46 / Konfranslar, iclaslar

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür. Bu günün keçirilməsində əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan problemlərin işıqlandırılması və ictimaiyyətin diqqətinin bu məsələlərə cəlb olunmasıdır. Hər il dünyanın müxtəlif ölkələrində informasiya təhlükəsizliyinin aktual elmi problemlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutu da informasiya təhlükəsizliyi məsələsini diqqətdə saxlayaraq 10 ildən artıqdır ki hər ilin 30 noyabr tarixində bu günə həsr olunmuş tədbir keçirir.

Bu gün onlayn formada keçirilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş iclas da bu qəbildən idi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq günün əhəmiyyətini önə çəkdi, bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində müzakirələrin aparılması baxımından geniş imkanlara malik olduğunu qeyd etdi.

Ötən il də rəhbərlik etdiyi qurumda informasiya təhlükəsizliyinə həsr olunmuş respublika konfransının keçirildiyini xatırladan akademik, həmin tədbirdə informasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemlərinə dair çıxışların dinlənildiyini bildirdi.

Alim bugünkü tədbirdə Industry 4.0 kontekstində milli geoinformasiya infrastrukturunun təhlükəsizliyi, pilotsuz uçuş aparatlarının elmi nəzəri problemləri, eləcə də kiberfiziki sistemlərdə hücumların aşkarlanması kimi aktual mövzularda məruzələrin dinləniləcəyini, çıxışlar ətrafında geniş müzakirələrin aparılacağını diqqətə çatdırdı.

R.Əliquliyev informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinə AMEA-da elmi dəstək verildiyini, institutda informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı tədqiqatların aparıldığını bildirdi.

Akademik R.Əliquliyev 2020-ci ili xarakterizə edərək cari ilin ölkəmizdə əsas etibarilə koronavirus pandemiyası və Qarabağ müharibəsində əldə olunan qələbə ilə yadda qaldığını dedi. Alim bildirdi ki, COVID-19 virusunun vüsət alması informasiya-kommunikasiya texnologiyalarını bəşər tarixində ilk dəfə olaraq qlobal şəkildə aktuallaşdırmış və informasiya təhlükəsizliyinin əhəmiyyətini önə çəkmişdir: “Bu gün artıq virtual texnologiyalar hər kəsin həyatında mühüm amilə çevrilib. Bütün dünyada informasiya təhlükəsizliyinin fəlsəfəsinə baxış dəyişib”.

Sonra akademik 44 gün davam edən Azərbaycan-Ermənistan müharibəsinin nəticələri və tarixi qələbəmiz ilə bağlı fikirlərini bölüşdü. Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müzəffər Azərbaycan ordusunun gücü və xalqın birliyi nəticəsində 30 ildən artıqdır ki davam edən münaqişənin qələbə ilə nəticələndiyini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu söylədi.

AMEA-nın vitse-prezidenti bu müharibənin ilk növbədə ən müasir hərbi texnologiyaların tətbiq olunmasına və hibridliyinə görə digər müharibələrdən fərqləndiyini qeyd etdi. O, Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində süni intellekt texnologiyaları, pilotsuz uçuş aparatları və kosmik peyklərin əvəzsiz rolu olduğunu vurğuladı. Bildirdi ki, ölkə rəhbərinin hərbi sahədə apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşmışdır.

R.Əliquliyev çıxışının sonunda ölkəmizin milli təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həllində alim və ziyalıların fəal iştirakının zəruriliyini vurğuladı. Qeyd etdi ki, müvafiq sahənin alimləri IV sənaye inqilabının çağırışlarını rəhbər tutaraq informasiya təhlükəsizliyinin prioritet istiqamətlərində tədqiqatlar aparmalı, mövcud problemlərin həlli ətrafında öz səylərini birləşdirməlidir.

Sonra tədbirdə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin “Industry 4.0 kontekstində milli geoinformasiya infrastrukturunun təhlükəsizliyi”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Pilotsuz uçuş aparatlarının əsasları və elmi nəzəri problemləri” və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın ”Kiberfiziki sistemlərdə hücumların aşkarlanması və analizi metodları” mövzularında məruzələri dinlənildi.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı