Elektron dövlətin formalaşması, idarəolunması və analizi problemləri araşdırılıb Noyabr 19, 2020 | 11:34 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev şöbədə cari ildə aparılan elmi tədqiqatlar, əməkdaşların respublika və beynəlxalq konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verdi.

R.Alıquliyev “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və toplanmış məlumatların intellektual analizi texnologiyalarının işlənilməsi”, “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi”, “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi”, “E-dövlətin analizi üçün mövzu modelləşdirmə metodunun işlənilməsi”, “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları”, eləcə də “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi”, “Veb spamlarla mübarizə texnologiyaları və metodları” mövzuları üzrə tədqiqatların aparıldığını diqqət çatdırdı.

O, bildirdi ki, cari il ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science”, “Scopus” (Elsevier) və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallara 16 məqalə təqdim olunub. Bu məqalələrdən 13-ü “Web of Science” və “Scopus” bazalarında, 3-ü isə digər beynəlxalq bazalarda ideksləşən jurnallarda çap olunub.

Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, bu elmi qurumun alimləri ilə birgə elmi araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.

Alim, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı haqqında danışdı. Rəhbərlik etdiyi şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 540, son 5 ildə 3131, ümumilikdə isə 4821 istinad olunduğunu bildirdi.

Hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Aparılan elmi tədqiqatların mühüm problemləri əhatə etdiyini vurğuladı, araşdırmaların davam etdirilməsinin zəruriliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı