Superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə mühüm nəticələr əldə edilib Noyabr 17, 2020 | 10:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə hesabat iclasları davam etdirilir. Növbəti iclasda rəhbərlik etdiyi 4 saylı şöbənin hesabatını təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə şöbədə aparılan elmi-tədqiqat işləri, keçirilmiş şöbə seminarları, respublika və beynəlxalq konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verdi.

R.Ələkbərov İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, bu problem üzrə “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intellektual idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadə üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emalı mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” və “Paylanmış hesablama sistemlərində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması” mövzuları üzrə müəyyən işlər görülmüşdür.

Məruzəçi həmçinin cari ildə “Proqramla idarə olunan (SDN – Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi və analizi”, “Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri”, eləcə də “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzuları üzrə tədqiqatların davam etdirildiyini nəzərə çatdırdı.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən söz açan R.Ələkbərov bu məqsədlə AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi, o cümlədən İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin həyata keçirildiyini bildirdi.

Şöbə müdiri AzScienceNet şəbəkəsinə AMEA-nın institut və təşkilatlarının kompüterlərinin qoşulması, AzScienceNet şəbəkəsinin infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması işlərinin davam etdirilməsi, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin texniki imkanlarının artırılması, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətinin hesabatının təhlili və şəbəkənin QoS göstəricisinin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi işlərinin yerinə yetirildiyini qeyd etdi.

O, həmçinin bildirdi ki, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadənin təşkili, AzScienceNet-də VoIP xidmətinin istismarı işləri həyata keçirilmiş, EaPConnect layihəsi çərçivəsində AzScienceNet şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 20-ə çatdırılmış, bu layihə çərçivəsində İnternet sürətinin 3Gb/s və backup (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılmışdır. Bununla yanaşı, R.Ələkbərov AzScienceNet elm-kompüter şəbəkəsində GEANT şəbəkəsinin yeni xidmətlərinin (eduROAM, LoLa, ownCloud, videokonfrans və s.), Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında isə LoLa xidmətinin yaradılması və AzScienceNet şəbəkəsinə yeni server proqram təminatları vasitələrinin qurulması işlərinin yerinə yetirildiyini vurğuladı.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin, Everest və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyini nəzərə çatdırdı.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə də məlumat verdi.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin və aparılan tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğuladı.

Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı