E-dövlətin informasiya təhlükəsizliyi ilə bağlı tədqiqatlar davam etdirilir Noyabr 13, 2020 | 05:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev şöbədə cari ildə aparılan elmi tədqiqatlar, keçirilmiş şöbə seminarları, ölkədaxili və beynəlxalq konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi şöbədə e-dövlətin informasiya təhlükəsizliyi, bulud texnologiyaları, kompüter şəbəkələrinin intellektual monitorinqi sistemləri üçün bir sıra model, metod və alqoritmlərin təklif edildiyini bildirdi. Həmçinin kiberfiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün dərin təlim metodlarının və xidmətdən imtina hücumlarının aşkarlanması üçün gizli Markov modelləri əsasında yanaşmanın işləndiyini qeyd etdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar barədə məlumatları diqqətə çatdırdı.

Şöbə müdiri, hesabat ilində həmçinin zərərli proqram təminatının aşkarlanması problemləri, sosial şəbəkələrdə saxta profillərin klasterləşdirilməsi, kriptovalyuta verilənlərinin intellektual analizi, proqram təminatının statik və dinamik analizi üsulları, informasiya təhlükəsizliyinin qiymətləndirilməsi və veb-saytların təhlükəsizliyinin test edilməsi sahəsində aparılmış tədqiqat işləri barədə məlumat verdi.

Elmi-innovasiya fəaliyyətindən bəhs edən məruzəçi qeyd etdi ki, bu istiqamət üzrə bir sıra qrant layihələrində iştirak edilmiş, yeni qrant layihələri hazırlanaraq müsabiqələrə təqdim olunmuşdur. NATO-nun dəstəyi ilə gələn il ölkəmizdə keçiriləcək “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransına müəyyən hazırlıq işləri yerinə yetirilmişdir.

Y.İmamverdiyev şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda 20 tezislə iştirak etdiyini və tanınmış elmi jurnallarda 14 məqalənin dərc edildiyini, daha 12 məqalənin isə jurnallarda rəy mərhələsində olduğunu bildirdi.

Alim şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında da ətraflı məlumat verdi.

Məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı