AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının onlayn iclası keçirilib Noyabr 13, 2020 | 10:50 / Konfranslar, iclaslar

AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub.

Noyabrın 12-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavinləri Zaur NəhmətovZahir  Nəsibov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayandələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şura sədri, akademik Rasim Əliquliyev Azərbaycanın şanlı ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə hər kəsi təbrik edib, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirib. Bildirib ki, bu tarixi zəfər xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunub. Şura sədri qeyd edib ki, Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Əminik ki, şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.

Əliquliyevin sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində informasiya müharibəsində ölkəmizi layiqincə təmsil edən cənab Prezident öz çıxışlarında, xarici ölkələrin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə yüksək diplomatik bacarığı və ciddi arqumentləri ilə müharibənin əsl mahiyyətini bütün dünyaya çatdırdı. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq qısa bir müddət ərzində Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətini təsdiqlədi.

Akademik əlavə edib ki, bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşib ölkəmizin inkişafı, onun dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi üçün çalışmalı, öz töhfəsini verməlidir.

Daha sonra R. Əliquliyev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.

R.Əliquliyev Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların aparılması baxımdan önəmli rola malik olan YT Parkın qarşısına qoyulan vəzifələrdən bəhs edib. Parkın AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar təqdim edəcəyinə və ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sonra Yüksək Texnologiyalar Parkının rezidenti olmaq üçün müraciət etmiş “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, “Bakı Polimer İstehsalat” MMC-nin əsas məqsəd bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır.

Onun sözlərinə görə, müəssisə tərəfindən istehsal olunan məhsullara qida və qeyri-qida məhsullarının, daşınan malların, ağır inşaat-tikinti məmulatlarının qablaşdırılması və bağlanmasında istifadə olunan müxtəlif növ streç filmlər aiddir. Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.

C.Hüseynov qeyd edib ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını MDB dövlətlərindən idxal edirdi. Respublikada sahibkarlığa yaradılan əlverişli mühit, istehsalçılara verilən dəstəyi nəzərə alaraq, müəssisə özü streç filmləri istehsal etmək niyyətindədir: “Bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkında innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılması üzrə” investisiya layihəsi əsasında YT Parkda yaradılması nəzərdə tutulan zavod Qafqaz coğrafiyasında 5 qat PE streç filmləri istehsal edən yeganə istehsalçı olacaq”.

İclasda Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

Müzakirələrdə qablaşdırma zamanı xammal kimi istifadə olunan xətli polietilen materialın bütün zəruri tələblərə uyğun digər materiallarla əvəzlənməsi, qablaşdırma zamanı istifadə olunan, xaricdən gətirilən xammalın yerli istehsalının təşkili, qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən materiallardan istifadəyə nəzarət mexanizminin tətbiqi, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan təbiətdə parçalanan streç materialdan istifadəyə diqqət yetirilməsi kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.

İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Akademik Rasim Əliquliyev şirkət təmsilçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu qurumların elmtutumlu və yüksək texnologiya yönümlü istehsal fəaliyyətini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində göstərilən güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı