Python-da böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritmi tətbiq olunur Noyabr 05, 2020 | 02:07 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi. “Python-da böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin tətbiqi” adlı magistr dissertasiya işi “Zoom Meeting” proqramı vasitəsilə müzakirə edildi.

İnstitutun magistrantı Aygül Fəxrəddinqızı məruzəni təqdim edərək böyük ölçülü verilənlər konsepsiyası, DBSCAN klasterləşdirmə alqoritmi, Python mühitində böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin araşdırılması, aparılmış eksperimentin nəticələri barədə ətraflı məlumat verdi.

Böyük ölçülü verilənlər konsepsiyasından bəhs edən məruzəçi bildirdi ki, “böyük verilənlər” (Big Data) termini ənənəvi metodlardan istifadə etməklə işləməsi çətin və ya mümkünsüz olan, müxtəlif mənbələrdən əldə edilən iri həcmli, sürətli və mürəkkəb məlumatları ifadə edir.

Sonra A.Fəxrəddinqızı böyük ölçülü verilənlərə təsir edən “V”lərin artımı, verilənlərin klasterləşdirilməsindən danışdı. Qeyd etdi ki, verilənlərin klasterləşdirilməsi məntiqi cəhətdən oxşar olan məlumatların fiziki cəhətdən birlikdə saxlanıldığı texnikadır: “Klasterləşdirmə oxşar xüsusiyyətlərə sahib obyektlərin bir qrupda yerləşdirilməsidir”.

Onun sözlərinə görə, klasterləşdirmə alqoritmləri təlimsiz öyrənmə metodlarına aiddir. Klasterləşdirmə alqoritmləri yeni texnologiyaların tətbiqi nəticəsində böyük ölçülü verilənlərin həcmini dəqiq analiz etmək üçün alternativ daha güclü bir meta öyrənmə vasitəsi olaraq meydana gəlmişdir. Klasterləşdirmə alqoritmləri bölünməyə, iyerarxiyaya, sıxlığa, şəbəkəyə əsaslanan və model əsaslı kimi təsnif edilir.

Məruzəçi əsasən, sıxlığa əsaslanan alqoritmlərin analizindən söz açdı. Bu sinfin əsas nümayəndəsi olan DBSCAN alqoritmi haqqında məlumat verdi. Bildirdi ki, DBSCAN alqoritmi sabit radiuslu qonşuluqda yerləşən nöqtələrin sayını hesablayaraq sıxlığı qiymətləndirir və hər hansı iki nöqtə bir-birinin qonşuluğunda yerləşirsə, bu nöqtələri bir-birilə bağlı hesab edir. DBSCAN alqoritminin analizi üçün ilkin olaraq, verilənlər bazası, istifadə olunan vasitə (Python), alqoritmin tətbiqi, parametrlərin hesablanması, nəticənin əldə olunması, vizuallaşdırma kimi giriş parametrləri daxil edilir.

Əldə edilmiş əsas nəticələrdən bəhs edən A.Fəxrəddinqızı tədqiqat işində aparılan təcrübələrə əsasən, DBSCAN alqoritminin analiz edildiyini, bu analizlər nəticəsində alqoritmin istənilən əsasda böyük ölçülü verilənlər üçün praktik əhəmiyyətinin vurğulandığını diqqətə çatdırdı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı