“Big data anlayışı, mahiyyəti və problemləri” mövzusunda məruzə dinlənildi Oktyabr 19, 2020 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Big data anlayışı, mahiyyəti və problemləri” mövzusunda müzakirələr aparıldı.

Məruzəni təqdim edən institutun magistrantı Leyla Yusifova öncə Big data haqqında məlumat verərək qeyd etdi ki, Big data böyükölçülü məlumatdır və dilimizə “Böyük verilən” (BV) kimi tərcümə olunur. Bu termin həcm və mürəkkəblik baxımından emal oluna bilməyən verilənləri təyin etmək üçün istifadə olunur.  Termin ilk dəfə 1998-ci ildə “Silicon Graphics” şirkətinin kompüter elmləri üzrə mütəxəssisi Con Meşi tərəfindən istifadə edilib.

O, qeyd etdi ki, son dövrlərdə informasiyaya əlyetərliyin artması və kommunikasiya vasitələrinin çoxalması nəticəsində hər il rəqəmsal informasiyanın həcmi həndəsi silsilə ilə artır. Eyni zamanda verilənlərin potensial mənbələrinin müxtəlifliyi də çoxalır. BV 5 əsas  – veb verilənlər və sosial media, maşınlar vasitəsilə yaradılan verilənlər, böyük tranzaksiya verilənləri, elmi verilənlər və insanların yaratdıqları verilənlər kateqoriyalarına bölünür.

Veb verilənlər və sosial media kateqoriyasına veb səhifələr, onlayn məqalələr, bloqlar və s. daxildir. Bu mənbələrin əsas hissəsini strukturlaşdırılmamış verilənlər, bir qismini isə strukturlaşdırılmış verilənlər təşkil edir. Sonuncu tip veb mənbə isə sosial şəbəkələrdir ki, burada insanlar özləri haqqında doğru və ya yalan məlumatları paylaşırlar.

Məruzəçi maşınlar vasitəsilə yaradılan verilənlərə onlayn rejimdə istifadəçilərin davranışlarını izləyən sensorlar, videokameralar və texniki qurğuların göstəricilərindən toplanmış məlumatların daxil olduğunu bildirdi. Söylədi ki, böyük tranzaksiya verilənlərini isə banklar, iri internet-mağazalar vasitəsilə edilən alqı-satqı əməliyyatları, onlayn ödənişlər zamanı yaranan strukturlaşdırılmış və qismən strukturlaşdırılmış verilənlər təşkil edir.

L.Yusifova bildirdi ki, dünyada insanlar özlərinin gündəlik fəaliyyətləri nəticəsində çox sayda verilənlər generasiya edirlər. Bunlara elektron məktublar, sənədlər, icmallar, qeydlər və s. daxildir. Soares insanlar tərəfindən yaradılan verilənləri iki kateqoriyaya: veb və tranzaksiya verilənlər qrupuna aid edir. Bu da onu göstərir ki, verilənlər bir və ya bir neçə kateqoriyada təsnif oluna bilər.

Sonra o,  Big data alətləri və texnoloji həllərdən söz açaraq qeyd etdi ki, böyük verilənlərin emalı onlardan faydalı informasiyanı əldə etmək üçün son dərəcə səmərəli hesablama gücü və mükəmməl analitik imkanlara malik texnologiyalar tələb edir.

Big data problemlərindən də danışan məruzəçi tətbiq olunduğu sahələrdən asılı olmayaraq böyük verilənləri təsvir etmək üçün ümumi xarakteristikaların mövcud olduğunu dedi. Qeyd etdi ki, bu xarakteristikalar böyük verilənlərin əsas problemlərini özündə əks etdirməklə üç əsas qrupa bölünür: həcm (volume), sürət (velocity) və müxtəliflik (variety). Bu model ilk dəfə 2001-ci ildə D.Laney tərəfindən verilmişdir. 

Daha sonra L.Yusifova Big data problemlərinin təsnifatından bəhs etdi. Diqqətə çatdırdı ki, tədqiqatçıların yaxın illərdə məşğul olacaqları problemlərə arxitektur, verilənlərin toplanması və emalı, saxlanılması, analitika, təhlükəsizlik və s. siddir.

Magistrant Big data-nın tətbiq sahələrinə səhiyyə, telekommunikasiya, maliyyə firması, pərakəndə, hüquq-mühafizə və s. daxil olduğunu vurğuladı.

O, həmçinin Big data üzrə nəşr olunan kitablar, jurnallar, elmi mərkəzlər və konfranslar barədə məlumat verdi.

Tədqiqatçı böyük məlumat analitikası ilk beynəlxalq konfransının 2012-ci il 24-26 dekabr tarixlərdə Hindistanda keçirildiyini qeyd etdi. Azərbaycanda isə ilk dəfə “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransının AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2016-cı il fevralın 25-də keçirildiyini nəzərə çatdırdı.

L.Yusifova sonda bildirdi ki, böyük həcmli verilənlərlə işləyərkən superkompüterlər, qrid və bulud texnologiyaların köməyi ilə müəyyən nailiyyətlər əldə olunsa da, bu sahədə hələ də ciddi texniki və elmi-nəzəri problemlər möcuddur: “Problem yalnız böyük həcmdə verilənlərin saxlanılması və idarə olunmasında deyil, həm də strukturlaşdırılmamış verilənlərin analizi və nəticələrin interpretasiyasındadır. Böyük verilənləri mükəmməl analiz etməklə bir çox elmi sahələrdə tez bir zamanda yüksək nailiyyətlər, idarəetmə və biznes fəaliyyətində gəlir, rəqabətdə müəyyən üstünlüklər əldə etmək mümkündür”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı