Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi araşdırılır Sentyabr 26, 2020 | 10:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi haqqında” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni şöbənin əməkdaşı Şahanə Mansurova təqdim edərək öncə informasiya və sənaye inqilabları haqqında məlumat verdi. Qeyd etdi ki, bu inqilablar insanların həyatı üçün əhəmiyyətli olan dəyişikliklər dövrüdür və hər biri öz növbəsində texnoloji yeniliklərlə müşaiyət olunur. Biliklərin əldə olunmasının təkamülü sivilizasiyanın keçdiyi həmin inqilabları doğuran səbəblər, onların yaratdığı təzahürlər və imkanlarla əlaqəlidir.

O, bildirdi ki, “İndustry 4.0.” Əşyaların İnterneti, Kiber-fiziki sistemlər, Süni intellekt, Big Data, Cloud Computing və Cognitive Computing və s. ilə xarakterizə olunur.

Ş.Mansurova Big Data haqqında məlumat verərək onun həcm, müxtəliflik və sürət kimi xarakteristikaları olduğunu diqqətə çatdırdı. Eləcə də Big Data-nın analiz texnologiyaları və onun müxtəlif elm sahələrində tətbiqindən danışdı.

Sonra o, Data Mining texnologiyalarından söz açdı. Diqqətə çatdırdı ki, Data Mining böyük ölçülü verilənlər arasından faydalı məlumatların axtarışı prosesidir. Həmçinin böyük həcmli verilənlər toplusu içərisindən (yeni biliklərin əldə olunması) gələcəklə bağlı proqnozlaşdırıla bilən faydalı məlumatların kompüter proqramları vasitəsi ilə axtarılması kimi də ifadə oluna bilər.

Daha sonra Ş.Mansurova Data Mining piramidası və onun analiz texnologiyaları sxemini nümayiş etdirdi, Data Mining metodlarına aid olan kasterləşdirmə, klassifikasiya, k-means və k-NN alqoritmləri haqqında məlumat verdi.

Məruzəçi son dövrlərdə böyük həcmli verilənlər mühitində Data Mining texnologiyalarının tətbiqinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı: “Böyük həcmli verilənlər mühitində problemin ənənəvi metodlar, texniki və proqram vasitələri ilə həlli mürəkkəbləşir və onların təkmilləşdirilməsi ilə yanaşı yeni yanaşmalar tələb edir. Bu baxımdan elm sahələrinin konkret məsələlərində biliklərin aşkarlanması üçün yeni metod və alqoritmlərin işlənməsində Data Mining texnologiyalarının tətbiqi önəmlidir”.

Sonda məruzəyə dair müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək bu istiqamətdə tədqiqatların davam etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və məqalənin hazırlanmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı