Akademik Rasim Əliquliyev: “Fəaliyyətimizi virtual texnologiyalar əsasında qurmalıyıq” İyun 05, 2020 | 08:23 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın onlayn iclasında rəhbərlik etdiyi qurumun fəaliyyətinin koronavirus pandemiyası dövründə yeni formatda təşkili və əməkdaşların qarşısında duran vəzifələrlə bağlı çıxış edib. “Zoom Meeting” proqramı vasitəsilə təşkil olunan tədbirə institutun 90-a yaxın əməkdaşı qatılıb.

Akademik R.Əliquliyev son zamanlar ölkəmizdə koronavirus xəstəliyinin vüsət alması ilə dövlət tərəfindən görülən tədbirlərin yenidən gücləndirildiyini, xüsusi karantin rejiminin müddətinin uzadıldığını diqqətə çatdırıb. Bildirib ki, belə bir çətin şəraitdə hər bir əməkdaş həm sağlamlığının qeydinə qalmalı, həm də sosial izolyasiya qaydalarını nəzərə almaqla institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində fəal iştirak etməlidir.

Direktor koronavirus pandemiyası ilə mübarizə istiqamətində dünya təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib: “Alim və ziyalılarımız cəmiyyətin bu təhlükədən maksimum qorunması üçün təbliğat aparmalı, mütəmadi olaraq televiziya, radio və digər kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar etməlidir”.

“Koronavirusun bütün dünyanı sürətlə əhatə etməsi bəşəriyyət qarşısında yeni vəzifələr qoyur. Artıq onlayn texnologiyalar həyat tərzimizə çevrilməlidir”, – deyən alim əlavə edib ki, bütün bu proseslər fəaliyyətimizi virtual texnologiyalar əsasında qurmaq zərurətini yaradır.

Akademik onlayn iclasda institut əməkdaşlarının qrant layihələrdə iştirakı məsələsinə də toxunub. Alim və tədqiqatçılara AR Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və AR Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun təqdim etdiyi layihələrdə fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı tövsiyə edib.

R.Əliquliyev yaxın günlərdə institutun alim və mütəxəssislərinin qarşısında duran aktual elmi problemlər və qurumun əsas fəaliyyət istiqamətləri üzrə monitorinq xarakterli onlayn çıxışların nəzərdə tutulduğunu söyləyib.

İclasda, həmçinin institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti, qurumun magistrantlarının fəaliyyəti, 2020-ci ildə hazırlanması nəzərdə tutulan biblioqrafik broşürlər və digər mühüm məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı