17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür Oktyabr 05, 2020 | 11:41 / Maraqlı məlumatlar

Bu əlamətdar gün 1865-ci il may 17-də Beynəlxalq Teleqraf İttifaqının (indiki Beynəlxalq Telekommunikasiya İttifaqı – BTİ) əsasının qoyulması ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilmişdir.

BMT-nin qərarı ilə 2006-cı ildən etibarən 17 may tarixi “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd edilir. 

Hər il BTİ tərəfindən, eləcə də, dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif aktual mövzulara həsr olunmuş müxtəlif tədbirlər – konfranslar, seminarlar, müsabiqələr və s. keçirilir. Bu günün qeyd olunmasında əsas məqsəd İnternetdən və İKT-dən istifadənin insanlara, cəmiyyətə və ölkələrə verdiyi imkanları diqqətə çatdırmaq, eyni zamanda, rəqəmsal fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərmək, bu sahədəki aktual problemləri, qarşıdakı vəzifələri müzakirə etməkdir.

Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Çətin dövrlərdə rəqəmsal transformasiyanın sürətləndirilməsi” mövzusuna həsr olunub. Əsas məqsəd İKT-nin insanların həyatını xilas etməkdə və iqtisadiyyatın davamlılığının saxlanılmasında rolunu vurğulamaq, bu istiqamətdə dünya əməkdaşlığını genişləndirməkdir.

Qeyd etmək lazımdır ki, dünyanı ağuşuna alan koronovirus pandemiyası bu gün İKT-nin, İnternet texnologiylarının bəşəriyyət üçün nə qədər həyati əhəmiyyət daşıdığını qabarıq şəkildə göstərdi. İndiki qlobal böhran şəraitində bir sıra istehsal, xidmət və idarəetmə sahələrində, ən müxtəlif təhlükəsizlik tədbirlərinin görülməsində, elmi-tədqiqat və təhsil proseslərində, eləcə də, insanların məişətində bu texnologiyalara tələbat dəfələrlə artmışdır. Belə bir vəziyyət telekommunikasiya şəbəkələrinin dayanaqlılığına, təhlükəsizliyinə, xidmət keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilməsini tələb edir. BTİ və ayrı-ayrı dövlətlər, o cümlədən Azərbaycan öz fəaliyyətində bu istiqamətdə səylərini daha artırmış, öz imkanlarını səfərbər etmişdir.

İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsaslarından, strateji hədəflərindən biridir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Həmin strategiyanın həyata keçirilməsi ilə ölkəmizdə informasiya cəmiyyətinin əsaslarının yaradılması üçün zəruri islahatlar aparılmış, müvafiq hüquqi, iqtisadi, texnoloji və kadr bazası formlaşdırılmışdır.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda həmin tədbirlərin davamı olaraq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya həyata keçirilmişdir. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi idi.

Azərbaycan informasiya cəmiyyətinin, elektron dövlətin, İKT infrastrukturunun inkişaf səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutur. Müvafiq beynəlxalq təşkilatların illik hesabatları da bunu təsdiq edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutu da öz fəaliyyəti ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğuna elmi dəstək verir, müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak edir. İnstitutun iki əsas elmi istiqamətindən biri də məhz informasiya cəmiyyəti istiqamətidir. İnstitutda 2005-ci ildə “İnformasiya cəmiyyəti problemləri” adlı elmi şöbə yaradılmış, 2010-cu ildə “İnformasiya cəmiyyəti problemləri” elmi-praktik jurnalı təsis olunmuşdur.

Hazırda informasiya cəmiyyətinin, IV sənaye inqilabının əsas trendlərindən biri süni intellekt texnologiyalarıdır. Proqnozlara görə, yaxın gələcəkdə ölkələr arasında rəqəmsal fərqliliyi yaradan əsas faktor süni intellekt texnologiyalarının inkişaf və tətbiq səviyyəsi olacaqdır. Məhz buna görə də son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə böyük diqqət ayırır. Dövlətimizin başçısı ötən ilin yanvar ayında Davos Forumunda da bununla əlaqədar ciddi məqamlara toxunmuşdur. 

 

2021-ci ilin yanvar ayının 6-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə ölkəmizdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılmışdır. Bu Mərkəzin yaradılmasında məqsəd qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən IV Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsidir. Mərkəzin qarşısına Azərbaycan Respublikası ilə IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirmək vəzifəsi qoyulmuşdur. Bunları rəhbər tutaraq, ölkəmizdə süni intellekt texnologiyalarının inkişafına böyük diqqət ayrılır, alimlərimiz bununla əlaqədar əhəmiyyətli araşdırmalar aparırlar.

İndustry 4.0 texnologiyalarının geniş tətbiqi, Azərbaycanın texnoloji infrastruktur mühitinin IV sənaye inqilabının çağırışlarına uyğun formalaşdırılması, xüsusi data mərkəzlərin, superkompüter klasterlərinin formalaşdırılması, kütləvi “buludlaşma” kimi tədbirlər ölkəmizin informasiya cəmiyyətinin növbəti inkişaf mərhələsinə qədəm qoymasına, qlobal rəqabətədavamlılığın artmasına imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı