Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı keçirildi Fevral 18, 2020 | 01:03 / Konfranslar, iclaslar

Fevralın 18-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirildi.

Əvvəlcə bölmənin üzvü olmuş mərhum akademik Bahadır Tağıyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bölmənin sədri, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdəki məsələləri diqqətə çatdırdı. O, AMEA-nın 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağını xatırladaraq tədbirdə bir sıra islahatların aparılmasına dair mühüm qərarların qəbul olunduğunu bildirdi. Qeyd etdi ki, qərarlara əsasən AMEA-nın Nizamnaməsində dəyişikliklər edilib, Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi seçilib, elmi bölmələrin akademik-katibi vəzifələri ləğv edilib, bölmələrə rəhbərlik müvafiq sahələr üzrə vitse-prezidentlərə həvalə olunub, həmçinin bölmə büroları ləğv edilib və Elmi şuraların yaradılması qərara alınıb. 

Akademik R.Əliquliyev Ümumi yığıncaqda müasir dövrün elmi-texnoloji və innovativ çağırışlarına söykənən, süni intellekt texnologiyalarının geniş tətbiqini, eləcə də fundamental elmi istiqamətlərin balanslaşdırılmasını nəzərdə tutan “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul olunduğunu söylədi. O, proqrama əsasən müəssisələr qarşısında elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanması və elmi fəaliyyətin qiymətləndirilməsi kimi mühüm vəzifələrin qoyulduğunu vurğuladı.
Bölmə sədrinin sözlərinə görə, elmi idarəetmə və maliyyələşdirilmənin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının sürətləndirilməsi, AMEA-nın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin inkişafı, Azərbaycançılıq ideologiyasına aid məsələlərin dərindən araşdırılması, eyni zamanda, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması da bu qurumda aparılan islahatların prioritet istiqamətlərini təşkil edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında çevik, adaptiv struktur mexanizmlərinin işlənilməsi üçün aparılan islahatlarda beynəlxalq təcrübənin əsas götürüldüyünü deyən R.Əliquliyev Rəyasət Heyəti aparatında bir sıra struktur dəyişikliklərinin edildiyini diqqətə çatdırdı. O, Akademiyada son zamanlar bir sıra səlahiyyətli dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini söyləyərək, AMEA ilə müvafiq dövlət qurumları arasında yeni istiqamətdə əməkdaşlıq əlaqələrinin təşkili və inkişaf etdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu bildirdi.

AMEA-nın vitse-prezidenti bölmənin Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli iclasında təqdim olunmuş hesabatından da bəhs etdi. Bildirdi ki, iclasda bölməyə daxil olan elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədqiqat qurğuları və elmi-texniki avadanlıqlarla yenilənməsi, əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiq edilməsi, intellektual məhsulların kommersiyalaşdırılmasının müəllif hüquqları və digər normativ-hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsinə dair qərarların qəbul edilib.

Daha sonra tədbirdə Rəyasət Heyətinin qərarına əsasən, cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflərin bölmə üzvləri tərəfindən irəli sürülərək Rəyasət Heyətinə təqdim olunması qərara alındı.   

Tədbirdə, həmçinin AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribovun Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə üzv seçilməsi üçün səsvermə keçirildi və nəticələr təsdiq olundu.

Akademik A.Qəribov öz çıxışında iclas iştirakçılarına fəaliyyəti barədə ətraflı məlumat verdi. Bölmə üzvlərinə təşəkkürünü bildirən alim ona göstərilən etimadı doğruldacağını, bölmənin fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini bildirdi.

Gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı