Yapon texnologiyası ahıl və xəstə insanlara qulluq etməkdə dünya lideridir

22 Yanvar 2020 - 11:20 | Maraqlı məlumatlar
Yapon texnologiyası ahıl və xəstə insanlara qulluq etməkdə dünya lideridir

Son altmış il ərzində dünyada altmış beş ildən çox yaşayan insanların sayı iki dəfədən çox artaraq 5%-dən 9%-ə çatıb. Bu siyahıda Yaponiyanın adı ilk sıralarda yer alıb.

Yaponiyada yaşlanmanın sürətlə artması daha çox nəzərə çarpır. Burada əhalinin dörddə birindən çoxu 65 yaşdan yuxarıdır.

Yaponiyada ən son texnologiyalar yaşlı insanları daha yaxşı həyat keyfiyyəti ilə təmin etməyə, səhiyyənin və innovasiyaların siyasəti sahəsində özəl sektorların, eləcə də Rəqəmsal Sağlamlıq - Şəxsi Tibbi Sistemi”nin yaranmasına səbəb olub. Bu sistem yapon strategiyasının mərkəzi elementi olmaqla, tibbi məlumatları və texnologiyanı birləşdirir.

Yaponiya dövlət və özəl sektorların anonim formada hazırlanmış fərdi tibbi məlumatlardan istifadə etməsinə icazə vermək üçün yeni qaydalar müəyyən edir. Fərdi tibbi məlumatların işlənməsi daha dəqiq və səmərəli tibbi yardım göstərməyə imkan verir. Həmçinin, səhiyyə sisteminin necə idarə edildiyi və pasientlərin dərman preparatlarına olan ehtiyac meyarları haqqında müfəssəl məlumat verilir.

Sistem haqqında ətraflı məlumat verən Kioto Universiteti tibbi klinikasının İT direktoru və professoru Tomohiro Kuroda qeyd edir ki, bu məlumatlardan, həmçinin ölkənin səhiyyə sektorunda baş verənləri və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətini müəyyənləşdirməkdə də istifadə olunur. “Fərdi tibbi məlumatlardan istifadə edərək hər bir pasientə individual müalicə və qayğı göstərə bilərik. Məlumatlar anonim toplanır, daha sonra bu sistem vasitəsilə özəl sektorlar məlumatlardan yeni dərmanlar və müalicə vasitələri yaratmaq üçün istifadə edə bilir”, - deyə Kuroda əlavə edib.

Yaponiya dünyanın ikinci böyük rəqəmsal səhiyyə bazarına sahibdir. İnnovativ rəqəmsal qulluq prosesi Yaponiyanın özəl tibb şirkətləri üçün mühüm iş imkanları yaradıb. Məsələn, “Sompo Future Care Lab” yaşlı cəmiyyətin ehtiyaclarını ödəmək üçün qabaqcıl tibbi texnologiyanı inkişaf etdirir.

Əvvəlcədən seçilmiş marşrutda müstəqil səyahət edə biləcək süni intellektə əsaslanan əlil arabası kimi məhsullar, həmçinin “ağıllı” qatlanan çarpayı, hamam və bədən sensorları yaşlı insanların başqalarının köməyi olmadan daha rahat hərəkət etmələrinə kömək edir.

“EuroNews” kanalının məlumatına görə, yüksək keyfiyyətli yapon Rəqəmsal Sağlamlıq - Şəxsi Tibbi Sistemi, eləcə də rəqəmsal səhiyyə və yüksək texnoloji həllər dünya ölkələrinə bu sahədə dəyərli təcrübə qazandırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.