“Facebook”un süni intellekti ən mürəkkəb riyazi məsələləri həll etməyi öyrənib

17 Yanvar 2020 - 11:08 | Maraqlı məlumatlar
“Facebook”un süni intellekti ən mürəkkəb riyazi məsələləri həll etməyi öyrənib

“Facebook” neyron şəbəkəsinin məsələləri linqvistik olaraq, yəni rus və ya ingilis dilinə bənzər dil kimi qəbul etməyə başlaması sayəsində daha bir yeniliyə nail olub. Şirkət öz süni intellektinə ən mürəkkəb riyazi məsələləri həll etməyi öyrədib.

hightech.fm saytının məlumatına görə, mövcud neyron şəbəkələr approksimasiyalı alqoritm adlanan sistem əsasında fəaliyyət göstərir. Onlar təsvirdə və ya mətndə (məsələn, it, hərf, toplar və digər) obyektləri müəyyən etmək, bu məlumatlardan tənliyi qurmaq və onu həll etmək imkanına malikdirlər.

Bu əməliyyatlara çox vaxt və əhəmiyyətli hesablama gücü tələb olunur. “Facebook” mühəndisləri problemin həllini taparaq neyron şəbəkələrinə onu riyazi deyil, linqvistik problem kimi nəzərdən keçirməyi öyrədiblər.

Mütəxəssislər qeyd ediblər ki, süni intellekt məsələni bir növ dil olaraq görür və sonra həll yollarını ardıcıl neyron şəbəkələri üçün tərcümə problemi hesab edir.

Başqa sözlə, tədqiqatçılar süni intellektlərinə riyazi dildə danışmağı öyrədiblər. “Maple”, “Mathematica” və “Matlab” kimi cəbr problemlərinin həlli sistemləri ilə müqayisədə bir sıra problemlərin həllinin sürətlənməsi bu yanaşmanın əsas nəticəsi hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.