“EU4Digital” təşəbbüsünün yeni internet səhifəsi istifadəyə verilib

15 Yanvar 2020 - 12:01 | Maraqlı məlumatlar
“EU4Digital” təşəbbüsünün yeni internet səhifəsi istifadəyə verilib

“EU4Digital” təşəbbüsünün məqsədi Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı dövlətlərinə qədər genişləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, eləcə də insanların rifahını yüksəltmək üçün rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirməkdən ibarətdir.

Aİ bu təşəbbüs vasitəsilə rouminq tariflərinin azaldılması, iqtisadiyyatların gücləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi, cəmiyyətin bütün sahələrində rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması və rəqəmsal sahədə yeni iş yerlərinin yaradılması üçün yüksəksürətli, genişzolaqlı rabitənin inkişafına dəstək verir. 

eufordigital.eu saytının məlumatına görə, rəqəmsal bazarların “EU4Digital” təşəbbüsü vasitəsilə uyğunlaşdırılması sayəsində onlayn xidmətlərinin göstərilməsində mövcud maneələr aradan qaldırılır. Nəticədə onlayn xidmətlər inkişaf edir və ucuzlaşır.

“EU4Digital” təşəbbüsünün əsas komponenti Aİ tərəfindən maliyyələşdirilən “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” (2019-2022) adlı üçillik proqramdır. Proqramın dəstəyi siyasətə dair altı əsas sahəyə yönlənib: telekommunikasiya qaydaları, etimad və təhlükəsizlik, elektron ticarət (eTrade), İKT-nin innovativ inkişafı, elektron səhiyyə (eHealth) və elektron bacarıqlar (eSkills). Bu dəstək sahələri 2016-cı ildə yaradılan Şərq Tərəfdaşlığı ölkələrinin və Aİ-yə üzv dövlətlərin nümayəndələrindən ibarət altı “EU4Digital” şəbəkəsini əks etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.