Akademik Rasim Əliquliyev: “Elektron Elm Mərkəzinin yaradılması zəruridir” Dekabr 13, 2019 | 02:37 / Konfranslar, iclaslar

Bu gün keçirilən Ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2019-cu ildə institutun qarşısına qoyulan vəzifələri, əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı. Alim bir il ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açdı.

R.Əliquliyev bildirdi ki, 2019-cu il ərzində institutda Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb.

Alim elmi tədqiqatların nəticəsi kimi institut əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Bildirdi ki, cari ildə 50-si xaricdə (o cümlədən Web of Science-da 25, Scopus-da 32), 39-u respublikada olmaqla 89 məqalə, beynəlxalq səviyyəli elmi konfranslarda 45-i, respublika səviyyəli elmi konfranslarda 64-ü olmaqla 109 tezis və 8 kitab, ümumilikdə 206 elmi əsər nəşr olunub.

R.Əliquliyev elmi-nəzəri fəaliyyət çərçivəsində görülən işləri nəzərə çatdıraraq institutun iştirak etdiyi dövlət proqramları, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələrdə iştirakı barədə məlumat verdi.

Alim institut əməkdaşlarının dünyanın nüfuzlu jurnallarının redaksiya heyətində təmsil olunması, xarici jurnallardan göndərilən məqalələrə rəy verilməsi, beynəlxalq konfransların proqram komitəsində iştirak barədə ətraflı məlumat verdi. Akademik institutun əldə etdiyi mühüm elmi nəticələr barədə danışaraq böyük ölçülü verilənlərin kontent analizi  məqsədilə mətnlərin referatlaşdırılması üçün iki mərhələli optimallaşdırma modelinin təklif olunduğunu, neft-qaz sənayesində geofiziki-mədən verilənlərinin klassifikasiyası və hasilat verilənlərinin proqnozlaşdırılması üçün iyerarxik dərin neyron şəbəkə arxitekturaları və müvafiq təlim alqoritmlərinin işlənildiyini bildirdi. Qeyd etdi ki, cari ildə elektron dövlət mühitində əmək bazarı ekosistemində tələb və təklifin peşə strukturu, keyfiyyət uyğunsuzluğu və demoqrafik meyllər prizmasından qiymətləndirilməsi, mövcud ixtisaslara olan tələb və təklif arasında disbalansın minimallaşdırılması, demoqrafik göstəricilərin proqnozlaşdırılması məsələlərinin həlli üçün metodlar işlənilib. Bundan əlavə, elektron dövlət servislərinin intellektuallaşdırılması üçün bir sıra metodlar işlənilib, bulud xidmətlərinin optimal idarə edilməsi və təhlükəsizliyinin təmini üçün yük balanslaşdırılması və kiber-hücumların aşkarlanması modelləri təklif olunub, dərin maşın təlim üsulları istiqamətində işlər görülüb, kiberfiziki sistemlərə hücumların aşkarlanması üçün hibrid dərin neyron şəbəkə modeli və çəkili klasterləşmə əsasında konsensus yanaşma təklif edilib.

R.Əliquliyev elmi-praktiki və innovasiya fəaliyyəti istiqamətində görülən işlər haqqında danışaraq 2019-cu ildə e-Azərbaycanın bir seqmenti olan e-elmin formalaşması və inkişafı istiqamətində işlərin davam etdirildiyini və bu sahədə bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Alim AzEduNet.az təhsil şəbəkəsinin AzScienceNet elm şəbəkəsinə inteqrasiyası istiqamətində işlərin həyata keçirildiyini, daha bir neçə təhsil müəssisəsinin AzScienceNet şəbəkəsinə qoşulduğunu vurğuladı. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarının 128 yeni kompüterləri şəbəkəyə qoşulmuş, AMEA-nın Fizika, Biofizika İnstitutlarının kompüter şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-nə qoşulması və intellektual kommutatorlar əsasında yenidən qurulması işləri həyata keçirilmiş, AzScienceNet şəbəkəsinin və Data Mərkəzin texniki imkanları artırılıb.

Cari ildə institutun Tədris-İnnovasiya Mərkəzində görülmüş işlərdən bəhs edən R.Əliquliyev ölkənin bütün doktorant və dissertantlarına “Elm İnformatikası” fənninin tədrisi və bu fənn üzrə imtahanın qəbulu işlərinin yerinə yetirildiyini bildirdi, 2003-2019-cu illər ərzində ölkə üzrə “Elm İnformatikası” fənnindən imtahan vermiş doktorant və dissertantların sayının ümumilikdə 19462 nəfər təşkil etdiyini diqqətə çatdırdı. Həmçinin mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlar üçün bu fənn üzrə dərslər və imtahanların distant formada həyata keçirildiyini qeyd etdi.

Bununla yanaşı, AMEA-nın magistrantlarına ümumi fənnlərin (xarici dil, fəlsəfə, psixologiya və pedaqogika) tədrisi və imtahanların qəbulu işlərinin aparıldığını söyləyən akademik AMEA-nın magistrantlarının ümumi və seçmə fənlər üzrə imtahanların nəticələrinə görə paylanması qrafikini təqdim etdi. Bildirdi ki, cari ildə H.Əliyev Fondu, AR Təhsil Nazirliyi, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə qurumda sayca 31-ci “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.

Təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayan akademik Bakı Dövlət Universitetinin SABAH qruplarında “Kompüter elmləri” ixtisası üzrə təhsil alan tələbələrin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin institutda elmi-tədqiqat təcrübəsi keçmələrinə, Bakı Avropa liseyinin şagirdlərinə “Sabahın alimləri” müsabiqəsində iştirakına dəstək göstərildiyini qeyd etdi.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən də söz açdı. Alimin sözlərinə görə, institut müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq edib, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak edib, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil edililib, institut əməkdaşları xarici alimlərlə birgə elmi tədqiqatlar aparıb.

Akademik qeyd etdi ki, cari ildə GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 11-14 mart 2019-cu il tarixlərində keçirilən EaPConnect layihəsi ölkələrinin Avropa komissiyası qarşısında hesabatında, GEANT Baş Assambleyasının 18-21 mart 2019-cu il tarixlərində keçirilən iclasında, 8-10 aprel tarixlərində GEANT Assosiasiyasının EaPConnect layihəsi çərçivəsində təşkil olunmuş “İctimai işlər üzrə seminar”da, 16-21 iyun tarixlərində keçirilmiş “TERENA Networking Conference 2019 (TNC19) konfransında, Fransanın Monpelye şəhərində 16-21 sentyabr 2019-cu il tarixlərində keçirilmiş GEANT Assosasiyası tərəfindən təşkil olunmuş “ Marketinq Əlaqələri üzrə Xüsusi Maraq Qrupunun və Xidməti Portfelinin İdarə edilməsi” üzrə Xüsusi Maraq qrupunun iclasında, Moldovanın Kişinyov şəhərində keçirilmiş 02-05 oktyabr 2019-cu il tarixlərində keçirilmiş GEANT Assoasiyasının təşkilatçılığı ilə Moldovanın Tədqiqat və təhsil Şəbəkəsinin (RENAM) 20 illik yubileyi ilə bağlı tədbirdə iştirak edilib.

Cari ildə institutun təşkilatçılığı ilə keçirilən elmi toplantılardan bəhs edən alim “Qadınlar İKT-də beynəlxalq günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı, bəzi milli İKT layihələrinin müzakirəsinə həsr olunmuş toplantı, “AR CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı, “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı” (AICT 2019), “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı barədə ətraflı məlumat verdi.

R.Əliquliyev institutda müvafiq ixtisaslar üzrə doktorantura və dissertantura yolu ilə elmi kadrlar hazırlandığını, magistrantların təhsil aldığını bildirdi, institutun struktur bölmələri tərəfindən 2019-cu il ərzində keçirilən şöbədaxili seminarın statistikasını diqqətə çatdırdı.

Akademik R.Əliquliyev, həmçinin institutun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, 2018-2019-cu illər (yanvar-oktyabr ayları) ərzində www.ikt.az saytına olan müraciətlərin aylar və ölkələr üzrə paylanması, müraciətlərin dinamikası, saytın “Xəbərlər” bölməsinin statistikası, institutun fəaliyyətinin elektron mediada işıqlandırılmasının statistikasını təqdim etdi, institut əməkdaşlarının televiziya kanallarında və mətbuatda çıxışları haqqında məlumat verdi.

Sonda R.Əliquliyev institutun elmi və innovativ potensialının gücləndirilməsi ilə bağlı bir sıra tövsiyələr verdi. Alim AzScienceNet və e-elmin maddi-texniki bazasının və onların  fəaliyyət göstərdiyi yerlərin, həmçinin, e-elmin zəruri funksiyalarını həyata keçirəcək struktur bölmələrin yaradılması üçün əlavə sahələrin olmamasını nəzərə alaraq, Elektron Elm Mərkəzinin yaradılmasına ciddi ehtiyac yarandığını, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin fasiləsiz və prioritetli enerji təminatı probleminin həllinin zəruri olduğunu bildirdi. EaPConnect layihəsi çərçivəsində AzScienceNet şəbəkəsinin 3Gb/san və daha çox İnternet trafiklə beynəlxalq şəbəkəyə qoşulması ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarının şəbəkə infrastrukturunun modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və kadr hazırlığı problemlərinin həlli məsələsinin əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı