Neft quyularında geoloji-texniki tədbirlərin seçilməsi üçün tövsiyə sisteminin qurulması məsələləri müzakirə olundu Dekabr 06, 2019 | 04:33 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Neft quyularında geoloji-texniki tədbirlərin seçilməsi üçün tövsiyə sisteminin qurulması məsələləri” mövzusuna həsr edilmiş elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev bu tədqiqatın SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində yerinə yetirildiyini qeyd etdi, mövzu üzrə həyata keçirilən və planlaşdırılan elmi-tədqiqat haqqında məlumat verdi.

Məruzəçi mədənlərin neftvermə əmsalını artırmaq üçün neft quyularında həyata keçirilən geoloji-texniki tədbirlər, onların növləri, bu tədbirlərin qeydiyyata alınması, iqtisadi effektivliyinin qiymətləndirilməsi prosedurları haqqında danışdı. Geoloji-texniki tədbirlərə investisiya layihəsi kimi yanaşılmasının zəruri olduğunu vurğulayaraq, onların qiymətləndirilməsinin və seçilməsinin çoxsaylı faktorlardan asılı olduğunu və klassik modelləşdirmə metodları ilə bu məsələnin qənaətbəxş həllinin çətinliklərini diqqətə çatdırdı.

O, qeyd etdi ki, təklif edilən tövsiyə sistemi əvvəllər yerinə yetirilmiş geoloji-texniki tədbirlər haqqında toplanmış real verilənlər əsasında, həmçinin mütəxəssislərin təcrübə və bilikləri nəzərə alınmaqla süni intellekt metodlarının tətbiq edilməsini nəzərdə tutur. Vurğuladı ki, tövsiyə sistemi konkret quyu üçün optimal geoloji-texniki tədbir növünü tövsiyə etməyə, seçilmiş tədbirin iqtisadi effektivliyini qiymətləndirməyə, tədbiri həyata keçirmək üçün effektiv texnologiyanı və müvafiq neft-servis provayderini seçməyə imkan verir.

Sonra Y.İmamverdiyev tövsiyə sistemləri sahəsində mövcud tədqiqatların vəziyyəti barədə ətraflı məlumat verdi, tövsiyə sistemlərinin klassifikasiyası, toplanan verilənlər, problemin riyazi formallaşdırılması, tövsiyə sistemlərində həll edilən məsələlər və onların həll alqoritmləri, yanaşmaların üstün və mənfi cəhətləri, tövsiyə sistemlərinin keyfiyyətinin qiymətləndirilməsi metrikalarını diqqətə çatdırdı, tövsiyə sistemlərinin inkişafında xüsusi rol oynamış “Netflix Prize” müsabiqəsi barədə danışdı.

Daha sonra məruzəçi nəzərdə tutulan tövsiyə sisteminin qurulması üçün toplanmış verilənlər barəsində məlumat verdi. Bildirdi ki, bu verilənlər toplusuna 100-ə yaxın neft quyusu üçün hidrodinamiki modelləşdirmədən alınmış verilənlər, həmin quyuların bəzilərində həyata keçirilmiş geoloji-texniki tədbirlər barədə toplanmış verilənlər, geoloji-texniki tədbirlərin nəticələrini xarakterizə edən hasilat verilənləri, layın hidravlik parçalanması tədbirlərini həyata keçirmiş şirkətlər və tətbiq edilmiş texnologiyalar haqqında məlumatlar daxildir.

O, qeyd etdi ki, tədqiq olunan məsələdə böyük həcmdə verilənlərin toplanmasının obyektiv çətinlikləri nəzərə alınaraq, verilənlərin həcminə çox tələbkar olmayan intellektual analiz metodlarından istifadə etmək lazım gəlir.

Y.İmamverdiyev bildirdi ki, toplanmış verilənlərin k-means metodu ilə klasterləşdirilməsi eksperimentləri aparılıb və ilkin nəticələr qənaətbəxşdir, araşdırılan mövzu üzrə klasterləşdirmə alqoritmlərinə əsaslanan tövsiyə sisteminin qurulması praktiki tətbiqlər üçün daha real görünür. Eyni zamanda, neft-qaz sənayesi üçün tövsiyə sistemlərinin ümumi arxitekturasını da təklif etmək planlaşdırılır.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı