Akademik Rasim Əliquliyev: “İnstitutda informasiya təhlükəsizliyi ilə bağlı aparılan elmi-tədqiqatlar dövlət siyasətinin həyata keçirilməsində xüsusi rola malikdir” Noyabr 13, 2019 | 05:41 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının növbəti iclasında çıxışı zamanı rəhbərlik etdiyi qurumun 2019-cu il üçün hesabatının yekunları haqqında məlumat verdi. Alim bir il ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açdı.

R.Əliquliyev bildirdi ki, 2019-cu il ərzində institutda Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, elektron elm və elektron təhsilin formalaşması problemləri, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb.

Alim elmi tədqiqatların nəticəsi kimi institut əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Bildirdi ki, cari ildə 50-si xaricdə (o cümlədən Web of Science-da 15, Scopus-da 21), 39-u respublikada olmaqla 89 məqalə, beynəlxalq səviyyəli elmi konfranslarda 45-i, respublika səviyyəli elmi konfranslarda 64-ü olmaqla 109 tezis və 8 kitab, ümumilikdə 206 elmi əsər nəşr olunmuşdur.

R.Əliquliyev elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri nəzərə çatdıraraq institutun iştirak etdiyi dövlət proqramları, AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələrdə iştirakı barədə məlumat verdi. Alim AzEduNet.az təhsil şəbəkəsinin AzScienceNet elm şəbəkəsinə inteqrasiyası istiqamətində işlərin həyata keçirildiyini, daha bir neçə təhsil müəssisəsinin AzScienceNet şəbəkəsinə qoşulduğunu vurğuladı. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarının 128 yeni kompüterləri şəbəkəyə qoşulmuş, AMEA-nın Fizika, Biofizika İnstitutlarının kompüter şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-nə qoşulması və intellektual kommutatorlar əsasında yenidən qurulması işləri həyata keçirilmiş, AzScienceNet şəbəkəsinin və Data Mərkəzin texniki imkanları artırılmışdır.

Cari ildə institutun Tədris-İnnovasiya Mərkəzində görülmüş işlərdən bəhs edən R.Əliquliyev ölkənin bütün doktorant və dissertantlarına “Elm İnformatikası” fənninin tədrisi və bu fənn üzrə imtahanın qəbulu işlərinin yerinə yetirildiyini bildirdi, 2003-2019-cu illər ərzində ölkə üzrə “Elm İnformatikası” fənnindən imtahan vermiş doktorant və dissertantların sayının ümumilikdə 19461 nəfər təşkil etdiyini diqqətə çatdırdı. Həmçinin mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlar üçün bu fənn üzrə dərslər və imtahanların distant formada həyata keçirildiyini qeyd etdi.

Bununla yanaşı, AMEA-nın magistrlərinə ümumi fənnlərin (xarici dil, fəlsəfə, psixologiya və pedaqogika) tədrisi və imtahanların qəbulu işlərinin aparıldığını söyləyən akademik AMEA-nın magistrlərinin ümumi və seçmə fənlər üzrə imtahanların nəticələrinə görə paylanması qrafikini təqdim etdi. 

R.Əliquliyev institutun struktur bölmələri tərəfindən 2019-cu il ərzində keçirilən şöbədaxili seminarın statistikasını diqqətə çatdırdı, institutun təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs etdi, eləcə də burada müxtəlif nüfuzlu qurumların nümayəndələri ilə keçirilən görüşləri təqdim etdi.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən də söz açdı. Alimin sözlərinə görə, institut müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etmiş, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etmiş, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil edilmiş, institut əməkdaşları xarici alimlərlə birgə elmi tədqiqatlar aparmışdır.

Akademik qeyd etdi ki, cari ildə GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 11-14 mart 2019-cu il tarixlərində keçirilən EaPConnect layihəsi ölkələrinin Avropa komissiyası qarşısında hesabatında, GEANT Baş Assambleyasının 18-21 mart 2019-cu il tarixlərində keçirilən iclasında, 8-10 aprel tarixlərində GEANT Assosiasiyasının EaPConnect layihəsi çərçivəsində təşkil olunmuş “İctimai işlər üzrə seminar”da, 16-21 iyun tarixlərində keçirilmiş “TERENA Networking Conference 2019 (TNC19) konfransında,  Fransanın Monpelye şəhərində 16-21 sentyabr 2019-cu il tarixlərində keçirilmiş GEANT Assosasiyası tərəfindən təşkil olunmuş “ Marketinq Əlaqələri üzrə Xüsusi Maraq Qrupunun və Xidməti Portfelinin İdarə edilməsi” üzrə Xüsusi Maraq qrupunun iclasında, Moldovanın Kişinyov şəhərində keçirilmiş 02-05 oktyabr 2019-cu il tarixlərində keçirilmiş GEANT Assoasiyasının təşkilatçılığı ilə Moldovanın Tədqiqat və təhsil Şəbəkəsinin (RENAM) 20 illik yubileyi ilə bağlı tədbirdə iştirak edilib.

Akademik R.Əliquliyev, həmçinin institutun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, 2018-2019-cu illər (yanvar-oktyabr ayları) ərzində www.ikt.az saytına olan müraciətlərin aylar və ölkələr üzrə paylanması, müraciətlərin dinamikası, saytın “Xəbərlər” bölməsinin statistikası, institutun fəaliyyətinin elektron mediada işıqlandırılmasının statistikasını təqdim etdi, institut əməkdaşlarının televiziya kanallarında və mətbuatda çıxışları haqqında məlumat verdi.

Sonra R.Əliquliyev institutun elmi və innovativ potensialının gücləndirilməsi ilə bağlı bir sıra tövsiyələr verdi. Bildirdi ki, institutda informasiya təhlükəsizliyi ilə bağlı aparılan elmi-tədqiqatlar dövlət siyasətinin həyata keçirilməsində xüsusi rola malikdir. Alim keyfiyyətli elmi məqalələrin hazırlanması, onların yüksək istinad indeksli jurnallarda, beynəlxalq bazalarda nəşr olunması, keyfiyyətli biliklərin ötürülməsinin həyata keçirilməsi, eləcə də gənclərin elmi fəaliyyətə cəlb olunmasının institut qarşısında duran vəzifələrdən olduğunu qeyd etdi. Gənclərin institutun elmi ictimai həyatında fəal iştirakının vacibliyini önə çəkən R.Əliquliyev onlara dünyanın çağırışlarına və müasir dövrün tələblərinə cavab verən araşdırmalar aparmağı tövsiyə etdi.

Tədbirin sonunda hesabatla bağlı geniş müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı