İnternet şəbəkəsinin və superkompüter texnologiyalarının çoxaspektli problemləri araşdırılıb Oktyabr 31, 2019 | 02:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbənin cari il üzrə hesabatı müzakirə olundu. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edərək İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, bu problem üzrə “Mobil hesablama buludlarının optimal sintezi  üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” və “Paylanmış hesablama sistemlərində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması” mövzuları üzrə araşdırmalar aparılıb.

R.Ələkbərov həmçinin bildirdi ki, cari ildə “Proqramla idarə olunan  (SDN - Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi və analizi”, “Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, inkişaf perspektivləri və problemləri”, eləcə də “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzuları üzrə tədqiqatlar davam etdirilib.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən danışan məruzəçi bu məqsədlə AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi o cümlədən, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin həyata keçirildiyini bildirdi.

İnstitutun direktor müavini bu istiqamətlər üzrə AzScienceNet şəbəkəsinə AMEA-nın institut və təşkilatlarının  kompüterlərinin qoşulması, AMEA-nın qurumlarında Wi-Fi  şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətinin hesabatının təhlili və şəbəkənin QoS göstəricisinin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi işlərinin yerinə yetirildiyini qeyd etdi.

Şöbə müdiri, həmçinin bildirdi ki, AMEA Rəyasət Heyətinin binasında böyük konfrans zalında audio sisteminin yenidən qurulması işləri təşkil edilib, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadənin təşkili, virtual  laboratoriya xidmətinin yaradılması, “Multimedia Qalereyası” sisteminin istismarı, AzScienceNet-də VoİP xidmətinin genişləndirilməsi və istismarı işləri həyata keçirilib, EaPConnect layihəsi çərçivəsində AzScienceNet şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 18-ə çatdırılıb, bu layihə çərçivəsində İnternet sürətinin 3Gb/s və backup (ehtiyyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılıb. Bununla yanaşı, R.Ələkbərov AzScienceNet elm-kompüter şəbəkəsində GEANT şəbəkəsinin yeni xidmətlərin (eduROAM,  LoLa, ownCloud, videokonfrans və s.), Bakı Musiqi Akademiyasında isə LOLA  xidmətinin yaradılması və AzScienceNet şəbəkəsinə yeni serverproqram təminatları vasitələrinin qurulması işlərinin yerinə yetirildiyini vurğuladı.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin, Everest və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyini nəzərə çatdırdı.

Məruzəçi, AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin cari ildə də həyata keçirildiyini bildirdi.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər haqqında da məlumat verdi.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin və aparılan tədqiqatların daha da dərinləşdirilməsinin zəruri olduğunu bildirdi.

Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı