Beynəlxalq konfransda “E-dövlətdə mövzu modelləşdirmə” və “E-dövlətin tətbiqi problemləri: mövcud təcrübələr və yanaşmalar” mövzusunda məruzələr dinlənilib Oktyabr 25, 2019 | 02:30 / Konfranslar, iclaslar

“İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nın (AICT 2019)  “İKT təhsildə və elmi tədqiqatlarda” mövzusuna həsr olunan bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İskəndərli və institutun magistrantı Aysən Fərəcova çıxış ediblər.

Öncə Günay İskəndərli E-dövlətdə mövzu modelləşdirmə” adlı məruzəni təqdim edərək diqqətə çatdırıb ki, mövzu modelləşdirmə alqoritmləri mətn sənədlərindən mövzuların aşkar edilməsinə yönəlmiş statistik üsullardır. Bu üsulların köməyilə vətəndaşların yazdıqları şərhləri analiz etməklə onların narahat olduğu və ya maraqlandığı əsas mövzuları tez bir zamanda müəyyən etmək olar.

Mövzu modelləşdirmə və klasterləşmə alqoritmlərinin köməyilə e-dövlətdə vətəndaş şərhlərinin analizi üçün yanaşma təklif edən məruzəçi əsas məqsədin şərhlərin (sənədlərin) vektor şəklində yazılışını təkmilləşdirərək klasterləşmə alqoritminin işləmə effektivliyinin və mövzu modelləşdirmə alqoritminin dəqiqliyinin artırılmasından ibarət olduğunu diqqətə çatdırdı.

Onun fikrincə, sənədə daxil olan 2 müxtəlif söz yazılışları fərqli olduğundan onları qruplaşdıran zaman müxtəlif qruplara düşə bilər. Bu isə qrupların sayının artmasına, qeyri-dəqiqliyin yaranmasına səbəb ola bilər. Bu kimi halların qarşısını almaq üçün sənədləri klasterləşdirməzdən əvvəl vektora daxil olan sözlərin bir-birinə semantik yaxınlığı tapılır. Daha sonra bu sinonimlərdən yalnız biri saxlanılır, digərlərinə baxılmır. Beləcə vektorun ölçüsü azalır. Sənədləri vektor şəklində təsvir etdikdən sonra K-means alqoritmi vasitəsilə sənədlər klasterləşdirilir. Daha sonra klasterlərə GDP tətbiq olunaraq klaster topikləri müəyyən olunur.

Daha sonra Aysən Fərəcova “E-dövlətin tətbiqi problemləri: mövcud  təcrübələr və yanaşmalar” mövzusunda çıxış edib.

Məruzəçi diqqətə çatdırıb ki, təqdim olunan tədqiqatın əsas məqsədi Azərbaycanda e-dövlət layihələrinin inkişaf səviyyəsini təhlil etmək, eyni zamanda e-dövlət xidmətlərinin qiymətləndirməsi meyarlarını və vətəndaş məmnuniyyətini müəyyənləşdirməkdir. Vətəndaşlara sürətli və operativ şəkildə xidmət göstərilməsi e-dövlət layihələrinin əsas məqsədlərindən biri hesab olunur.

Onun sözlərinə görə, hazırda ölkədə hər bir dövlət orqanı e-xidmətlərin təqdim edilməsi və e-dövlət portalına inteqrasiya üçün fəal iş aparır. E-dövlətin inkişafı və e-xidmətlərin qiymətləndirilməsinin əsas göstəricilərindən biri kimi vətəndaş məmnuniyyəti göstərilir. Bu məqsədlə tədqiqat işində beynəlxalq təcrübədə e-dövlətin tətbiqində vətəndaş məmnuniyyətinə təsir edən əsas amillər araşdırılır. Seçilmiş göstəricilərə əsasən Danimarka, Avstraliya, Malaziya, Cənubi Koreya, Böyük Britaniya, Pakistan və Azərbaycanın e-dövlət xidmətlərinin müqayisəli analizinə baxılır. Alınmış nəticələr göstərir ki, e-dövlət xidmətlərinin effektivliyi vətəndaş məmnuniyyətindən birbaşa asılıdır və e-xidmətlərin qiymətləndirilməsi üçün əsas göstəricilərdən biridir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı