İnternet-kriminalistikanın müasir vəziyyəti, problem və perspektivləri müzakirə olundu Oktyabr 18, 2019 | 04:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi.

Seminarda öncə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev “İnternet-kriminalistika: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, ilk dəfə elmi termin kimi Hans Gross tərəfindən XIX əsrin sonlarında istifadə edilən kriminalistika elmin cinayət və mülki qanunlara tətbiq edilməsidir: “Mütəxəssislərin tədqiqat zamanı toplaması, qoruması və təhlil etməsi kriminalistikanın əsas vəzifəsidir”.

O, toksikologiya və ballistika, antropometriya, barmaq izləri, Uhlenhuth sınağı, poliqraf, DNT kimi kriminalistika elminin əsas mərhələlərindən, 20 və 21-ci əsrdə bu elmin inkişaf yolundan bəhs etdi. Məruzəçi 20-ci əsrin görkəmli hüquqşünası professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimovun ümumi hüquq nəzəriyyəsi, qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının kompleksi profilaktikasına həsr olunan elmi işlər, “Kibernetika və hüquq” kitabı və orada əks olunan mövzular barədə ətraflı məlumat verdi.

Daha sonra B.Nəbiyev rəqəmsal kriminalistikanın tərkib hissələrindən danışaraq onun rəqəmsal mənbələrdən əldə edilmiş rəqəmsal dəlillərin qorunması, toplanması, təsdiqlənməsi, identifikasiyası, təhlili, təfsiri, sənədləşdirilməsi və təqdimatı ilə əlaqəli elmi cəhətdən əldə edilmiş və sübut edilmiş metodların cinayət kimi tanınan və ya yenidən qurulması üçün istifadə edilməsi planlaşdırılan əməliyyatlara mane ola biləcək icazəsiz hərəkətlər olduğunu qeyd etdi. Bildirdi ki, kiberkriminalistika ekspertizasında hüquq-mühafizə orqanları, hərbi, biznes və sənaye, elmi araşdırma mərkəzləri kimi sifarişçilər mövcuddur.

Şöbə müdiri rəqəmsal kriminalistika elmi, rəqəmsal məhkəmə araşdırması üçün qaydalar, tədqiqat prosesi, media, kod, və şəbəkə təhlili kimi üç fərqli analiz növü barədə məlumat verdi, rəqəmsal kriminalistikanın əsas fəaliyyətinin tədqiq xarakterli olduğunu söylədi. Onun sözlərinə görə, milli təhlükəsizlik və informasiya təhlükəsizliyi, korporativ casusluq, ağ yaxalı cinayətkarlar, uşaq pornoqrafiyası, ənənəvi cinayət, insidentlərə reaksiya, insanların gizli izlənməsi, məxfiliyin pozulması kimi hallar İnternet kriminalistikanın əsas məzmunu təşkil edir: “Hazırlıq, aşkarlama, lokallaşdırma, analiz, həll, bərpa, eləcə də yoxlama və onların əks əlaqəsi isə insidentlərə cavab metodologiyasıdır”.

B.Nəbiyev qeyd etdi ki, hüquq mühafizə orqanlarının onlayn fəaliyyət göstərən cinayətkarları tapmaq və mühakimə etmək imkanlarına mane olan texniki çətinliklər, həmçinin kibercinayətkarlığı araşdırmaq üçün qanunlardan və hüquqi vasitələrdən irəli gələn məsələlərin texnoloji, struktur, sosial dəyişikliklərdən geridə qalması həlli vacib olan əsas problemlər sırasındadır. Onun sözlərinə görə, əksər hüquq mühafizə orqanlarının hazırkı və gələcək İnternet-kriminalistika hallarının istintaqının aparılması üçün lazımi təlim, avadanlıq və kadr çatışmazlığı aradan qaldırılmalı, bütün maraqlı tərəflər üçün elektron cinayət haqqında məlumatlılıq artırılmalıdır.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair çıxış edərək təklif və tövsiyələrini səsləndirdi. Ölkəmizdə kibercinayətkarlıqla mübarizə işinin səmərəli təşkili, idarə olunması, koordinasiyası, yeni yanaşmaların dərindən öyrənilməsi və kadr hazırlığının həyata keçirilməsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü deyən akademik AMEA-nın bu istiqamətdə dövlət siyasətinə elmi dəstək verdiyini qeyd etdi. Alim İnternet-kriminalistika, kibercinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin çoxaspektli problemlərinin həlli, informasiya təhlükəsizliyi kimi sahələrin institutun prioritet istiqamətlərindən olduğunu bildirdi. İnternet-kriminalistikanın aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edən alim ölkəmizin milli təhlükəsizlik tələblərinə əsasən bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğuladı.

R.Əliquliyev, həmçinin bildirdi ki, elektron dövlətin əsasının qoyulmasında xüsusi xidmətləri olan akademik Cahangir Kərimovun irsinin dərindən araşdırılmasına ehtiyac var. Alimin sözlərinə görə, real zamanda fəaliyyət göstərən, kriminalist meylləri aşkar və klassifikasiya edən intellektual kriminalist robotlar hazırlanmalı, İnternet-kriminalistika, onun vəziyyəti və problemləri istiqamətində kadr hazırlığı aparılmalı, elmi problemlər təsnif olunmalıdır.

Seminarda daha sonra 29 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransına hazırlığın vəziyyəti müzakirə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı