Ekzoplanetlərin axtarışı üçün teleskopun sınaqları keçirilib

04 Oktyabr 2019 - 12:10 | Maraqlı məlumatlar
Ekzoplanetlərin axtarışı üçün teleskopun sınaqları keçirilib

ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsinə bənzər planetlərin axtarışı məqsədilə işığı ulduzlardan ayırmaq üçün xüsusi optik texnologiyadan istifadə edən “PICTURE-C” teleskopunu 38,1 kilometr hündürlüyə qaldırıb.

itc.ua saytının məlumatına görə, teleskopu verilmiş hündürlüyə qaldırmaq üçün NASA ölçüsünə görə futbol meydançasına bərabər geldən ibarət aerostatdan istifadə edib. Bu ölçüdə aerostat teleskopun böyük qabaritlərə və ağır çəkiyə malik olması ilə əlaqədardır. Onun uzunluğu 4.3, eni 0.9 metr, çəkisi isə 680 kiloqramdır.

“PICTURE-C” teleskopu daha aydın görüntünü təmin etmək üçün Yer atmosferinin sərhədində fəaliyyət göstərəcək. Bu, bir buraxılışdan sonra havada bir neçə saat qalmaq imkanına malik olan çoxdəfəli avadanlıqdır. Tapşırıq başa çatdıqdan sonra teleskop ayrılaraq paraşüt vasitəsilə Yerə enəcək. Agentlik tərəfindən layihəyə 5,6 milyon dollar investisiya ayrılıb.

Teleskopun növbəti buraxılışı 2020-ci ilə nəzərdə tutulur. Tədqiqat qrupu planetlərin axtarışında kömək üçün qurğu vasitəsilə daha çox kosmik məkan şəkilləri çəkəcək. Layihə, həmçinin Yer kürəsinə bənzər planetlərlə yanaşı, digər kosmik obyektlərin kəşfinə də kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.