İnsanabənzər robotların satışına başlanılır

02 Oktyabr 2019 - 14:56 | Maraqlı məlumatlar
İnsanabənzər robotların satışına başlanılır

Rusiyanın robotların istehsalı ilə məşğul olan “Promobot” şirkəti insanabənzər “Robo-C” adlı robotların satışına başladığını açıqlayıb. İlk dəfə bu robot aprel ayında keçirilmiş Skolkovo Robotics forumunda şirkət tərəfindən təqdim edilib.

“Robot tamamilə insanabənzər maşından ibarətdir. O, insanın emosiyalarını təqlid edir: göz, qaş, dodaq və digər “əzələlərini” hərəkət etdirə, həmçinin söhbət edə və suallara cavab verə bilir. Yeni texnologiya və patentlənmiş konstruksiya insanın 600-dən çox mikromimikasını təqlid etməyə imkan verir. Mütəxəssislərimiz komponent bazası yaradıblar, həmçinin süni dərinin yaradılması texnologiyasından istifadə ediblər”, – deyə şirkətin saytında dərc edilmiş xəbərdə qeyd olunur.

Şirkət nümayəndələri hesab edirlər ki, bu kimi robotlar insanla maşının qarşılıqlı əlaqəsində baryeri aradan qaldırmalı və insanların sıx toplaşdığı yerlərdə (məsələn, poçt şöbələri, banklar və ya bələdiyyə idarələrində) bir sıra əməkdaşları əvəz etməlidir. Bundan başqa, şirkət xüsusi sifarişçilər üçün robotlar istehsal etməyi planlaşdırır. Onlardan həmsöhbət və ya “ağıllı” ev sistemlərinə nəzarət edən köməkçi kimi istifadə ediləcək.

“Artıq hər kəs peşəkar və ya şəxsi istifadə üçün istənilən görünüşə malik robotu sifariş edə biləcək. Bununla, xidmət, təhsil və əyləncə sferalarında böyük bazar açırıq. Təsəvvür edin ki, Maykl Cordanın surəti basketbol forması satacaq, Aleksandr Puşkin isə muzeydə öz şeirlərini söyləyəcək”, – şirkətin direktorlar şurasının sədri Aleksey Yujakov söyləyib.

hitech.newsru.com saytının məlumatına görə, robotun qiyməti onun versiyasından asılıdır. Belə ki, bu, sifarişlə hazırlanmış və ya şablon üzə malik robot ola bilər. Birinci versiyanın hazırlanmasına 3 ay, digərinə isə 2 ay sərf olunur. Bundan başqa, sifarişçi robotun “bədən quruluşu”nu da seçə bilər. “Robo-C” baş və boyuna, ya da bədən və altlığa malik ola bilər, lakin istənilən halda yalnız onun başı hərəkət edəcək.

Qeyd edək ki, şirkət artıq “Robo-C” robotları üçün bir neçə sifariş alıb. Həmçinin “Promobot” müştərilərə xidmət göstərilməsi üçün belə robotlardan istifadə etməkdə maraqlı olan şirkətlərlə danışıqlar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.