Çilidə dünyanın ən böyük optik teleskopu tikilir

01 Oktyabr 2019 - 10:02 | Maraqlı məlumatlar
Çilidə dünyanın ən böyük optik teleskopu tikilir

Mühəndislər və inşaatçılar 2800 tonluq günbəz “E-ELT” ( European Extremely Large Telescope) optik teleskopunu tikməyə başlayıblar. Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidmətinin məlumatında qeyd edilib ki, gələn onilliyin ortalarında istifadəyə verilməsi nəzərdə tutulan “E-ELT” dünyanın ən böyük optik teleskopu olacaq.

ESO-nun qiymətləndirməsinə görə, optik teleskopun ümumi dəyəri 1 milyard avronu ötəcək. Bu məbləğin böyük hissəsi avadanlığın hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən bahalı və mürəkkəb komponenti diametri təxminən 39 metr təşkil edən böyük güzgüdür. Bu güzgü 1,4 metr ölçüsündə 798 altıbucaqlı seqmentdən yığılacaq.

nauka.tass.ru saytının məlumatına əsasən, bu nəhəng güzgü “E-ELT”ə Günəş sistemindən kənarda olan planetlərin, digər qalaktikadakı ulduzların ilk detallı şəkillərini əldə etməyə, Yer kürəsinin oxşarını axtarıb tapmağa kömək edəcək.

Günbəzin tikintisinə yeni başlanılmasına baxmayaraq, alim, mühəndis və digər mütəxəssislər güzgü, elmi alət və rəsədxananın digər komponentlərini “E-ELT” tikintisi üzrə ilk planların elan edilməsi anından etibarən  hazırlamağa başlayıblar.

Ümumi dəyəri təxminən 400 milyon avro olan əsas güzgü istehsalı üçün müqaviləni Almaniyanın “SCHOTT” və Fransanın “Safran Reosc” şirkəti alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.