Akademik Rasim Əliquliyev: “Əsas məqsədimiz institutun elmi potensialının daha da inkişaf etdirilməsidir” Sentyabr 20, 2019 | 01:45 / Konfranslar, iclaslar

Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının növbəti iclasında çıxışı zamanı səsləndirdi. Rəhbərlik etdiyi qurumun 2019-cu ilin I yarısı üçün hesabatının yekunları haqqında məlumat verən alim 6 ay ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açdı.

R.Əliquliyev bildirdi ki, 2019-cu ilin birinci yarımilində institutda Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, elektron elm və elektron təhsilin formalaşması problemləri, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılmışdır.

Alim 6 ay ərzində elmi tədqiqatların nəticəsi kimi institut əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Bildirdi ki, cari ildə 37-si xaricdə (o cümlədən Web of Science-də 12, Scopus-da 15), 74-ü respublikada olmaqla 111 məqalə, beynəlxalq səviyyəli elmi konfranslarda 20-si, respublika səviyyəli elmi konfranslarda 12-i olmaqla 32 tezis və 8 kitab, ümumilikdə 151 elmi əsər nəşr olunmuşdur.

R.Əliquliyev elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri nəzərə çatdıraraq institutun iştirak etdiyi dövlət proqramları, AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələrdə iştirakı barədə məlumat verdi. Alim AzEduNet.az təhsil şəbəkəsinin AzScienceNet elm şəbəkəsinə inteqrasiyası istiqamətində işlərin həyata keçirildiyini, daha bir neçə təhsil müəssisəsinin AzScienceNet şəbəkəsinə qoşulduğunu vurğuladı. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarının 128 yeni kompüterləri şəbəkəyə qoşulmuş, AMEA-nın Fizika, Biofizika İnstitutlarının kompüter şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-nə qoşulması və intellektual kommutatorlar əsasında yenidən qurulması işləri həyata keçirilmiş, AzScienceNet şəbəkəsinin və Data Mərkəzin texniki imkanları artırılmışdır.

Cari ildə institutun Tədris-İnnovasiya Mərkəzində görülmüş işlərdən bəhs edən R.Əliquliyev ölkənin bütün doktorant və dissertantlarına “Elm İnformatikası” fənninin tədrisi və bu fənn üzrə imtahanın qəbulu işlərinin yerinə yetirildiyini bildirdi, 2003-2019-cu illər ərzində ölkə üzrə “Elm İnformatikası” fənnindən imtahan vermiş doktorant və dissertantların sayının ümumilikdə 19461 nəfər təşkil etdiyini diqqətə çatdırdı. Həmçinin mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlar üçün “Elm İnformatikası” fənni üzrə dərslər və imtahanların distant formada həyata keçirildiyini qeyd etdi.

Bununla yanaşı, AMEA-nın magistrlərinə ümumi fənnlərin (xarici dil, fəlsəfə, psixologiya və pedaqogika) tədrisi və imtahanların qəbulu işlərinin aparıldığını söyləyən akademik AMEA-nın magistrlərinin ümumi və seçmə fənnlər üzrə imtahanların nəticələrinə görə paylanması qrafikini təqdim etdi. 

R.Əliquliyev institutun struktur bölmələri tərəfindən 2019-cu ilin I yarımili ərzində keçirilən şöbədaxili seminarın statistikasını diqqətə çatdırdı, institutun təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs etdi, eləcə də institutda müxtəlif nüfuzlu qurumların nümayəndələri ilə keçirilən görüşləri təqdim etdi.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən də söz açdı. Alimin sözlərinə görə, institut müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etmiş, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etmiş, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil edilmiş, institut əməkdaşları xarici alimlərlə birgə elmi tədqiqatlar aparmışdır.

Akademik qeyd etdi ki, 2019-cu ilin birinci yarısında GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 11-14 mart 2019-cu il tarixlərində keçirilən EaPConnect layihəsi ölkələrinin Avropa komissiyası qarşısında hesabatında, GEANT Baş Assambleyasının 18-21 mart 2019-cu il tarixlərində keçirilən iclasında, 8-10 aprel tarixlərində GEANT Assosiasiyasının EaPConnect layihəsi çərçivəsində təşkil olunmuş “İctimai işlər üzrə seminar”da, 16-21 iyun tarixlərində keçirilmiş “TERENA Networking Conference 2019 (TNC19) konfransında iştirak edilmişdir.

Akademik R.Əliquliyev, həmçinin institutun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, 2018-2019-cu illər (yanvar-iyun ayları) ərzində www.ikt.az saytına olan müraciətlərin aylar və ölkələr üzrə paylanması, müraciətlərin dinamikası, saytın “Xəbərlər” bölməsinin statistikası, institutun fəaliyyətinin elektron mediada işıqlandırılmasının statistikasını təqdim etdi, institut əməkdaşlarının televiziya kanallarında və mətbuatda çıxışları haqqında məlumat verdi.

Sonra R.Əliquliyev institutun elmi və innovativ potensialının gücləndirilməsi ilə bağlı bir sıra tövsiyələr verdi. “Əsas məqsədimiz institutun elmi potensialının daha da inkişaf etdirilməsi və elmi fəaliyyətin gücləndirilməsidir”, – deyə bildirən alim keyfiyyətli elmi məqalələrin hazırlanması, onların yüksək istinad indeksli jurnallarda, beynəlxalq bazalarda nəşr olunması, keyfiyyətli biliklərin ötürülməsinin həyata keçirilməsi, eləcə də gənclərin elmi fəaliyyətə cəlb olunmasının institut qarşısında duran vəzifələrdən olduğunu qeyd etdi.

Rəhbərlik etdiyi qurumun informasiya texnologiyaları sahəsində mövcud problemlərin dərindən araşdırılması ilə məşğul olan əsas elmi qurumlardan biri olduğunu söyləyən akademik institutda formalaşmış intellektual potensialın kommersiya məqsədi ilə istifadə olunması üçün imkanların yaradılmasının vacibliyindən danışdı. Alim, həmçinin bütün əməkdaşların, o cümlədən gənc kadrların respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakının zəruriliyini vurğuladı.

Gənclərin institutun elmi ictimai həyatında fəal iştirakının vacibliyini önə çəkən R.Əliquliyev onlara dünyanın çağırışlarına və müasir dövrün tələblərinə cavab verən araşdırmalar aparmağı tövsiyə etdi.

Tədbirin sonunda hesabatla bağlı geniş müzakirələr aparıldı, çoxsaylı sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı