Universal əlavə edilmiş reallıq eynəyi hazırlanır

19 Sentyabr 2019 - 11:55 | Maraqlı məlumatlar
Universal əlavə edilmiş reallıq eynəyi hazırlanır

“Facebook” şirkətinin mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər.

belta.by saytının məlumatına əsasən, şirkətin əlavə edilmiş reallıq eynəyi Ray-Band, Prada, Oakley kimi optikaların istehsalçısı hesab edilən “Luxottica Group” ilə əməkdaşlıq çərçivəsində hazırlanır.

Qurğu üzərində Vaşinqton ştatının Redmond şəhərində yerləşən “Facebook”un “Reality Labs” laboratoriyasının mühəndisləri işləyirlər. Mark Zukerberqin rəhbərlik etdiyi layihənin texniki xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilmir.

“Facebook” smartfonları tam əvəz edə biləcək eynək hazırlamaq niyyətindədir. İstifadəçi zənglər etmək, internet və sosial şəbəkələrdən istifadə etmək imkanına malik olacaq. Bütün qeyd olunan xüsusiyyətlərin hər biri əlavə edilmiş reallıq funksiyasına malik virtual köməkçinin iştirakı ilə yəni, səs və ya jestlərin köməyi ilə idarə olunacaq.

Qeyd edək ki, sosial şəbəkə 2023-cü ilədək yeni cihazın ilk sınaqlarını keçirməyi, 2025-ci ildə isə qurğunu satışa çıxarmağı planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.