İnternet asılılığı problemi və onun doğurduğu fəsadlar İyul 29, 2019 | 10:21 /

Ünsiyyət qurmaq insanların ən vacib ehtiyaclarından biridir. Cəmiyyətdəki rollarından asılı olaraq insanlar müxtəlif əlaqə vasitələrindən istifadə edirlər. Sosial şəbəkələr vasitəsilə asanlıqla qurulan əlaqələr, hiss və düşüncələri ifadə edə bilmək imkanı, yeni uğur və nailiyyətlər qazanmaq üçün İnternet hər bir kəsə əvəzedilməz imkanlar verir. Bundan əlavə, qadağan olunanlara asan giriş imkanı İnternetin istifadəsini artıran digər amillər sırasındadır. Gündəlik həyatda təhsil, bank, maliyyə, müxtəlif xidmət sahələrində əlverişli imkanlar təqdim edən İnternetin həddindən izafi istifadəsi İnternet asılılığı adlanan sosial problemi gündəmə gətirir. İnternetdən istifadə vərdişlərinin artması müəyyən müddətdən sonra İnternet asılılığına doğru yönəlir. Ağıllı telefonlarla yatmaq, insanlarla söhbət edərkən telefona baxmaq, toy və yas mərasimlərindən şəkillər paylaşmaq gündəlik həyatımızda tez-tez rast gəldiyimiz davranışlardandır. Son zamanlarda İnternet istifadəçilərinin ondan asılı vəziyyətə düşmələri narahatlıq yaradan əsas məsələlərdən biridir.

İnternet asılılığı xüsusilə, 90-cı illərdən sonra qlobal miqyasda geniş ərazini əhatə etməyə başlayıb. İnternet insanların gündəlik həyatda olan problemlərini, qayğılarını unutmağa səbəb olur. Tədqiqatlar İnternet asılılığının Qərbdə və Asiyada daha çox qeydə alındığını, ciddi risk mənbəyinə çevrildiyini, xüsusən də gənclərin İnternetdən davamlı istifadə etməklə sağlamlıq, yuxu, iş və ailə münasibətlərini unutduqlarını göstərir. Nəzarətsiz İnternet istifadəsi insanların fiziki, psixoloji, sosial inkişafına mənfi təsir edir.

Qeyd edək ki, İnternet asılılığı termini ilk dəfə 1995-cı ildə İvan Qoldberq tərəfindən işlənib. Onun ilk dəfə zarafatla işlətdiyi bu ifadə az sonra müvafiq elmi dairələrdə ciddi termin kimi qəbul edilməyə başlanılıb. Patoloji İnternet istifadəsi, həddindən çox İnternet istifadəsi kimi İnternet asılılığını bildirən ifadələr 1990-cı illərdən müxtəlif nəşrlərdə öz əksini tapıb.

Psixiatr Kimberly Youngun “İnternetdən asılılığın meyarları” adlı yazısının dərc edildiyi hesabatda qeyd edilir: “İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır”. Bu asılılığın hər iki cinsdə də mövcud olduğu, ancaq kişilərdə qadınlara nisbətən 2 və ya 3 dəfə daha çox olduğu təsbit edilib. İnternetdən asılı olanların 38 %-də maddələrdən asılılıq müəyyən edildiyi, 33 %-də duyğu pozğunluğu, 25%-də isə depressiya görüldüyü ifadə edilib. 

İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilir. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.

İnternet asılılığı problemi qlobal miqyasda böyük təşviş yaratdığına görə bu məsələ müvafiq beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Bu problemin ciddi fəsadlarının qeydə alındığı ölkələrdə təhlükənin qarşısını almaq üçün müxtəlif proqramlar qəbul edilir, layihələr həyata keçirilir, hüquqi mexanizmlər işlənib hazırlanır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı