Sentiment analiz metodları, tətbiq sahələri və problemləri araşdırılıb İyun 21, 2019 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova “Sentiment analiz” mövzusunda məruzə ilə çıxış edərək sentiment analizin tarixi, inkişaf mərhələləri, əsas terminləri, səviyyələri, tətbiq sahələri problemləri və s. haqqında ətraflı məlumat verdi.

Məruzəçi sentiment analizin təbii dilin emalı (Natural Language Processing), statistika və ya maşın təlimi metodlarından istifadə edərək mətn sənədlərindən mətnin emosional məzmununun çıxardılması, tanınması və ya başqa üsullarla xarakterizə edilməsi olduğunu bildirdi.

“Sentiment analizin tarixi 20-ci əsrin əvvəllərində ictimai rəyin analizi və 1990-cı illərdə Kompüter Linqvistikası Birliyi tərəfindən aparılmış mətnin subyektivliyinin analizi üzrə tədqiqatlara söykənir”, – deyə bildirən M.İsmayılova kompüter əsaslı sentiment analizin İnternetdə subyektiv mətnlərin mövcudluğu ilə həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, sentiment analizin məqsədi mətndəki fikirlərin tapılması və onların xüsusiyyətlərinin müəyyən edilməsindən ibarətdir.

O, “Scopus” elmi bazasında sentiment analiz üzrə 2000-2016-cı illər, “Web of Science” bazasında isə 2002-2018-ci illər ərzində nəşr olunan məqalələrin sayı barədə məlumat verdi, sentiment analizin konseptual modelini təqdim etdi. Məruzəçi, həmçinin sentiment analizin əsas terminləri və informasiya mənbələrini diqqətə çatdırdı.

M.İsmayılovanın sözlərinə görə, sentiment analiz təbii dilin emalı, veb-analiz və maşın təliminin daxil olduğu mürəkkəb bir multidissiplinar məsələdir. O, subyektivliyin klassifikasiyasının fikir kimi ifadə edilən və ya edilməyən cümlələrin klassifikasiyası üsulu olduğunu, sentiment klassifikasiyanın isə mətnin ziddiyyətini, başqa sözlə, onun pozitiv və ya neqativ fikri ifadə edib-etmədiyinin tapılması üsulu olduğunu vurğuladı. Qeyd etdi ki, birbaşa və ya dolayı yolla fikir mənbələrinin tanınması üçün fikir sahibinin aşkarlanması məqalələrdə və digər rəsmi sənədlərdə böyük əhəmiyyətə malikdir.

Məruzəçi  sentiment analizin səviyyələrindən bəhs edərək söz, cümlə, sənəd və xüsusiyyət səviyyələrində sentiment analiz barədə danışdı. Bildirdi ki, söz səviyyəsində sentiment analiz sənəddə sözlərin subyektivliyinin, oriyentasiyasının və ya ziddiyyətinin, eləcə də oriyentasiyanın sayının müəyyən olunmasına xidmət edir. Cümlə səviyyəsində sentiment analiz hər bir cümlədə ifadə olunmuş emosiyaların klassifikasiyasından ibarətdir. Sənəd səviyyəsində sentiment analiz sənədin pozitiv və neqativ fikirləri ifadə etməsinin klassifikasiyasından ibarətdir.

O, həmçinin xüsusiyyət əsasında sentiment analizin növlərindən söz açdı, onun sözlər və onların istifadə tezliyi, terminin mövqeyi, nitq hissələri, neqativ sözlər kimi növlərini diqqətə çatdırdı, sentiment analiz üçün lüğət və qaydalara əsaslanan, eləcə də maşın təlimi yanaşması kimi klassifikasiya metodlarından istifadə olunduğunu dedi. Məruzəçi sentiment analizin modelini təqdim etdi və sentiment analizin sosiologiya, tibb və psixologiya, marketinq, politologiya kimi sahələrdə tətbiq edildiyini nəzərə çatdırdı.

M.İsmayılova sentiment analiz üçün istifadə olunan “Twitter Sentiment” veb-xidməti, “SA with Python NLTK TC” və I-Teco kimi proqram məhsullarından və sentiment analizin problemlərindən danışdı.

M.İsmayılova onlayn alətlər, sentiment analizə dair kitablar, konfrans, simpozium və “workshop”lar, eləcə də bu sahə ilə məşğul olan tədqiqatçı alimlər barədə ətraflı məlumat verdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı