Elmin informasiya təminatının formalaşdırılması məsələləri araşdırılıb İyun 10, 2019 | 01:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə müdiri Təhmasib Fətəliyev və şöbənin əməkdaşı Səlminaz Davudovanın həmmüəllif olduqları “Elmin informasiya təminatının formalaşdırılması və idarəetmə qərarlarına dəstək məsələləri” mövzusunda məruzəni T.Fətəliyev təqdim etdi.

O, elmin informasiya təminatı və təsnifatı, onun formalaşdırılmasına dair normativ-hüquqi sənədlər, qərar qəbulu prosesinin informasiya təminatı ilə bağlı problemlər və bu sahədə perspektivlər barədə ətraflı məlumat verdi.

Məruzəçi bildirdi ki, idarəetmə strukturlarının faktiki verilənlərlə təmin edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərində giriş informasiya verilənlərindən, eləcə də müxtəlif istehlakçıların fəaliyyətlərini dəstəkləmək üçün məlumatlardan istifadə olunması informasiya təminatının əsasını təşkil edir.

“Müasir İT-nin tətbiqi ilə elmin informasiya təminatının formalaşdırılması, inkişaf etdirilməsi və strukturlaşdırılmış informasiyalar əsasında elmdə idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyin təmin olunması e-elmin aktual məsələləridir”, - deyə bildirən şöbə müdiri qeyd etdi ki, elmin informasiya təminatının formalaşmasında müxtəlif təyinatlı informasiya-analitik sistemlərin yaradılmasının xüsusi rolu vardır.

O, həmçinin informasiyanın məqsədli şəkildə yığımı, sistemləşdirilməsi və nizamlanması  nəticəsində yarananan informasiya ehtiyatlarından da söz açdı.

Daha sonra S.Davudova çıxış etdi, bildirdi ki, informasiya təminatı tərkibi, mənbəyi, məxsusluğu, istifadə xarakteri, eləcə də məlumatın əlçatanlığı və yayılma üsuluna görə müxtəlif şəkildə təsnif olunur: “İnformasiya ehtiyatı isə əhəmiyətlilik, tamlıq, etibarlılıq, aktuallıq kimi keyfiyyət göstəriciləri ilə xarakterizə olunur”.

O, elmin idarə olunmasında informasiya təminatının rolu kimi idarəetmənin funksiyalarını təqdim edərək Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkilatı strukturu barədə ətraflı məlumat verdi.

Məruzəçinin sözlərinə görə, elmi tədqiqat fəaliyyətinin təşkili və əlaqələndirilməsi, elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası, elmi və elmi-texniki fəaliyyətin ekspertizası, elmi fəaliyyətin nəticələrindən istifadə, eləcə də elmi etika və əqli mülkiyyət hüququnun qorunması, elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin akkreditasiyası kimi mühüm sahələr elmi fəaliyyət sahəsinin idarə mexanizmini əks etdirir.

S.Davudova Böyük Britaniyanın Tədqiqat və İnnovasiya (UK Research and Innovation, UKRI) təşkilatının təcrübəsini nəzərə çatdırdı. Məruzəçi təşkilat tərəfindən yaradılmış Gateway To Resarch veb-saytı haqqında məlumat verərək onun dövlət tərəfindən maliyələşdirdirilən tədqiqatlar haqqında məlumatların axtarışı və təhlil edilməsi imkanlarından danışdı.

Sonda T.Fətəliyev qeyd etdi ki, elm sahəsində idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyinin təmin edilməsinin tədqiqi e-elmin aktual məsələsi kimi davam etdiriləcəkdir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı