Sosial kiber-fiziki sistemlərin texnoloji problemləri araşdırılır İyun 10, 2019 | 09:49 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Kiber-fiziki-sosial sistemlər: tədqiqatların müasir vəziyyəti” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev kiber-fiziki sistemlərin 4-cü sənaye inqilabının dayaq texnologiyalarından biri olduğunu diqqətə çatdırdı, kiber-fiziki sistemlərin əsas xüsusiyyətləri barədə məlumat verdi. Bildirdi ki, “kiber-fiziki sistem” kifayət qədər kompleks anlayışdır və onun hələlik birqiymətli və hamılıqla qəbul edilmiş tərifi yoxdur, lakin bəzi işlərdə bu kimi sistemlərin xarakterik xassələri göstərilir. Bir neçə sahənin kəsişməsində yerləşən bu kimi sistemlərin əsas ümumi cəhəti hesablama prosesləri ilə fiziki proseslər arasında sıx qarşılıqlı əlaqənin və koordinasiyanın olmasıdır: “Kiber-fiziki sistem hesablama və fiziki elementlərdən ibarət kompleks sistemdir, bu sistemin süni intellekt və ya digər texnologiyalar şəklində “beyni” real zaman rejimində verilənləri sensorlardan alır, onları analiz edir və nəticələri fiziki elementləri optimal idarə etmək üçün istifadə edir. Bu kimi qarşılıqlı əlaqə sayəsində kiber-fiziki sistem dəyişən şəraitdə effektiv işləyir”.

Məruzəçinin sözlərinə görə, kiber-fiziki sistemlərə Əşyaların İnternetini, “ağıllı” elektrik təchizatı şəbəkələrini, intellektual nəqliyyat sistemlərini, pilotsuz nəqliyyat vasitələrini, additiv istehsalı, robototexniki sistemləri, ümumiyyətlə, “ağıllı hər şeyi” (bina, şəhər, zavod, tibb, kənd təsərrüfat və s.) aid etmək olar. İnkişaf etmiş ölkələr kiber-fiziki sistemləri öz milli maraqlarının qorunması üçün kritik vacib hesab edirlər və onları innovasiyaların prioritet istiqamətlərinə daxil edirlər. 

“Kiber-fiziki sistemlər mövcud mexatron sistemlərdən intellektlərinin varlığı və öz ətraf mühitləri ilə qarşılıqlı əlaqədə ola bilmək qabiliyyətləri ilə fərqlənirlər, – deyə bildirən Y.İmamverdiyev qeyd etdi ki, onlar ətraf mühit şərtlərinə görə öz davranışlarını planlaşdırmaq və adaptasiya etmək, yeni davranış modellərinə öyrəşmək, özü təşkillənmək, özünü optimallaşdırmaq qabiliyyətlərinə malikdirlər. Perspektivdə kiber-fiziki sistemlərin özşüura və proaktivliyə malik olmaq, özünü konfiqurasiya etmək, özünü təkmilləşdirmək, özünü sağaltmaq, özünü qorumaq və s. funksiyalarına malik olması gözlənilir.

Məruzəçi kiber-fiziki sistemlərdə insanın iştirakı məsələsinə toxunaraq qeyd etdi ki, kiber-fiziki sistemlər qərar qəbul etmə prosesində insanın analitik qabiliyyətlərini gücləndirə bilər, bu prosesdə insanın iştirakı isə kiber-fiziki sistemlərin intellektuallığını artıra bilər. İnsan verilənləri təqdim və emal edə, situasiyanı tanıya, qərar qəbul edə, kiber-fiziki sistemləri öyrədə bilər: “Buna görə də, insanı idarəetmə konturunda saxlayan yeni nəsil interaktiv sistemlərin yaradılmasına da ciddi ehtiyac vardır”.

Y.İmamverdiyevin sözlərinə görə, kiber-fiziki sistemlərə insanların biliyi, intellektual imkanları, sosial və mədəni elementlər də daxil olur və nəticədə kiber-fiziki-sosial sistemlər formalaşır. Bu kimi sistemlər insan və texnikanın sıx inteqrasiya olunduğu mürəkkəb sosio-texniki mühitlərdir.

Kiber-fiziki-sosial sistemlər sahəsində tədqiqatlar barədə danışan şöbə müdiri onların ən diqqətçəkən cəhətinin multidissiplinarlıq olduğunu qeyd etdi. Bildirdi ki, əsas tədqiqatlar kompüter elmləri, proqram mühəndisliyi, kompüter mühəndisliyi, süni intellekt, robototexnika, rəqəmsal iqtisadiyyat, sosial informatika və digər elmlərin qovşağında aparılır. O, həmçinin qeyd etdi ki, bu sistemlərdə özütəşkillənmə, mürəkkəblik, etibarlılıq və monitorinq metodlarının işlənməsi, biliyin idarə edilməsi və kollektiv intellekt, sosial robotlar, etik, sosial və qanunvericilik aspektləri, interoperabellik məsələləri, sosial media verilənlərinin intellektual analizi və s. əsas tədqiqat istiqamətləridir.

Y.İmamverdiyev bu sistemlərin əsas problemlərindən bəhs edərək informasiya təhlükəsizliyi və ümumiyyətlə, təhlükəsizlik, fərdi məlumatların gizliliyinin təmin olunması problemləri haqqında danışdı. Qeyd etdi ki, kiber-fiziki sosial sistemlərin sadalanmış bu və digər problemlərinin həlli istiqamətində bütün dünyada elmi-praktiki tədqiqatlar genişlənir.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı