İnformasiya və biliklər iqtisadiyyatı sektorlarının elmi-nəzəri əsasları tədqiq edilib May 22, 2019 | 03:59 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “İnformasiya və biliklər   iqtisadiyyatının  və onun sektorlarının formalaşmasının elmi-nəzəri əsaslarının tədqiqi  və inkişaf  etdirilməsi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iqtisadi inkişafı tənzimləyən qanunlar, həmçinin yeni formalaşan informasiya və biliklər iqtisadiyyatının spesifik xüsusiyyətləri, İKT əsaslı informasiya və biliklər iqtisadiyyatının metodoloji nəzəriyyələri, eləcə də informasiya və biliklər iqtisadiyyatının əsas prinsipləri və riyazi-iqtisadi tədqiqat metodları barədə ilkin məlumat verdi. Bildirdi ki, informasiya və biliklərə əsaslanan cəmiyyətin qurulması, sosial-iqtisadi sahələrdə elektron xidmətlərin daha geniş tətbiqi, regionlarda proqram vasitələrinin və texnoloji avadanlıqların istehsalının təşkili və inkişaf etdirilməsi, yeni texnoloji innovasiya sektorlarının yaranması və s. kimi perspektiv istiqamətlər formalaşmaqda olan informasiya iqtisadiyyatının əsas inkişaf orientirləridir.

“İqtisad elminin əsas məqsədi mövcud və gələcək iqtisadi hadisə-proseslər arasındakı səbəb-nəticə əlaqələrini aşkara çıxaran ümumiləşdirmələrin ortaya qoyulmasıdır”, - deyə bildirən məruzəçi iqtisadi nəzəriyyənin müstəqil elm kimi formalaşmasından və inkişafından, müxtəlif iqtisadi nəzəriyyələrin qarşısında duran problemlərdən bəhs etdi.

Onun sözlərinə görə, təsir dairəsinə və müddətinə görə iqtisadi qanunlar spesifik,  ümumi və ya ən ümumi, bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət gös­tə­rən iqtisadi qanunlar kimi üç qrupa bölünür. İqtisadi qanunların formalaşma prinsiplərinin aparılan təhlili göstərir ki, müasir informasiya və biliklər iqtisadiyyatında həm ümumi və ya ən ümumi, həm də bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət gös­tə­rən ənənəvi iqtisadi qanunlar fəaliyyətdədir.

Ümumi xarakterli iqtisadi inkişaf nəzəriyyələrinin qısa icmalından, postindustrial cəmiyyət konsepsiyasından, ənənəvi iqtisadiyyat sahələrindən danışan məruzəçi bildirdi ki, informasiya və biliklər iqtisadiyyatı müasir dövrün İKT-yə əsaslanan innovativ iqtisadiyyatıdır və bu iqtisadiyyatın elmi-nəzəri əsasları, metodları, vasitələri kompleks şəkildə tədqiq olunmalıdır.

Daha sonra şöbənin əməkdaşı Leyla Əkbərova çıxış etdi. O, iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının müvafiq nəzəriyyə, konsepsiya və tədqiqatlarını, informasiya iqtisadiyyatı üzrə bəzi nəzəriyyələr, şəxsi, qrup, empirik, lokal, sosiometrik, elmlərarası yanaşmalar barədə ətraflı məlumat verdi.

Şöbənin əməkdaşı Nigar Məmmədova çıxış edərək bildirdi ki, informasiya iqtisadiyyatı nəzəriyyəsi cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində baş verən prosesləri aydınlaşdırıb izah etmək üçün elmi abstraksiya, analiz və sintez, tarixi müqayisəlik, məntiqi ardıcıllıq metodları kimi bir sıra metodlardan istifadə edir.

Onun sözlərinə görə, İKT sektorunun, yeni yüksək texnologiyaların və elm-texnologiya tutumlu sahələrin inkişafını stimullaşdıran və tənzimləyən normativ, mexanizm, metod, qanun, metodika, konsepsiya və strategiyalar da müasir informasiya iqtisadiyyatının elmi-nəzəri və metodoloji inkişaf bazası hesab oluna bilər.

Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırdı. O bildirdi ki, informasiya iqtisadiyyatının formalaşması problemləri və onların  həlli istiqamətləri tədqiq olunmalı,  informasiya iqtisadiyyatının sektorial, funksional, regional formalaşması xüsusiyyətləri və inkişaf tendensiyaları müəyyən edilməlidir. Bundan əlavə, İKT bazasında spesifik iqtisadi fəaliyyət sahələrinin inkişaf məsələlərinin araşdırılması, informasiya iqtisadiyyatının formalaşması şəraitində İKT sektoru ilə digər sahələrin qarşılıqlı təsirlərinin qiymətləndirilməsi, eləcə də makro-iqtisadi qərarların qəbulunu dəstəkləyən mexanizmlərin işlənilməsi zəruridir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı