Suyun təmizlənməsinin yeni üsulu

01 Aprel 2019 - 12:00 | Maraqlı məlumatlar
Suyun təmizlənməsinin yeni üsulu

Əksər hallarda suyu ilkin filtrasiyasız içmək olmaz, çünki onun tərkibində sağlamlıq üçün təhlükəli mikroblar ola bilər. Onlardan qurtulmaq üçün bir çox üsullar var: qaynatma və xlorlama, ultrabənövşəyi şüaların altında dezinfeksiya. Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları daha sadə, ucuz və maraqlı bir üsul təqdim ediblər. Onlar hesab edirlər ki, suyu dezinfeksiya etmək üçün sadəcə ondan isti karbon qazı qabarcıqlarını keçirmək olar.

Tədqiqatçılar karbon qazını müəyyən temperatura qədər qızdırmağı təklif edirlər ki, suya buraxılmış qabarcıqlar öz isti divarları ilə virusları məhv edə bilsinlər. Sınaqlar nəticəsində məlum olub ki, belə qabarcıqların yaradılması üçün adi havadan da istifadə oluna bilər, lakin təmiz karbon qazı böyük effektivlik nümayiş etdirib.

nanonewsnet.ru saytının məlumatına görə, sınaq zamanı tədqiqatçılar bağırsaq çöpü bakteriyaları və MS2 bakteriofaqı əlavə edilmiş suyu təmizləyiblər. Alimlər müxtəlif çənlərdən istifadə edərək, qazı və havanı 7-dən 205 dərəcə Selsi temperatura qədər qızdırıblar. Alimlərin güman etdikləri kimi, qabarcıqların bakteriyaları öldürmək qabiliyyəti temperatura mütənasib olaraq artıb. Ən yaxşı nəticə 205 dərəcə Selsi temperaturda təmiz karbon qazından istifadə zamanı əldə olunub.

Qeyd etmək lazımdır ki, qabarcıqların buraxılması suyun öz temperaturuna güclü təsir etmir. Bu metodun əsas üstünlüyü ucuz başa gəlməsidir, çünki qazın qızdırılması üçün suyun qızdırılmasından daha az enerji tələb olunur. Həmçinin o, ultrabənövşəyi emalla müqayisədə olduqca sadədir.

Suyun təmizlənməsinin yeni metodu donuz fermasında sınaqdan keçirilib və yaxşı nəticələr əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.