“SpaceX” ilk dəfə sərnişin kosmik gəmisini kosmosa buraxacaq

01 Mart 2019 - 15:24 | Maraqlı məlumatlar
“SpaceX” ilk dəfə sərnişin kosmik gəmisini kosmosa buraxacaq

“SpaceX” şirkətinin “Crew Dragon” sərnişin kosmik gəmisi ilk dəfə test rejimində kosmosa buraxılacaq. “Falcon 9” raket-daşıyıcısının göndərmə nöqtəsi Kennedi Kosmik Mərkəzinin 39 saylı kompleksi, son nöqtəsi isə Beynəlxalq Kosmik Stansiya olacaq.

robo-hunter.com saytının məlumatına görə, insanların daşınması üçün kosmik aparatın ilk missiyası “SpaceX Demo-1” adlanır. Bununla da NASA sərnişinlərin kosmosa göndərilməsi üzrə ixtisaslaşmış ayrı-ayrı şirkətlərlə işləməyə başlayacaq. Sərnişin kosmik gəmisinin kosmosa buraxılması uğurlu olarsa, aparat gələn dəfə astronavtları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq. “Crew Dragon” ilk uçuşu içəridə insanlar olmadan yerinə yetirəcək.

Hələ ki, ABŞ-ın ərazisindən orbitə yalnız “Dragon”un yük gəmiləri uçur. Onlar üçün də “Falcon 9” raket-daşıyıcıları istifadə olunur. Sərnişin gəmisinin işə salınması üzrə yeni missiya prosesdə uçuş aparatının vacib hərəkətlərinin sınaqdan keçirilməsini nəzərdə tutur.

Bu uçuş həm də avionika sistemlərini yoxlamağa, əlaqə kanallarını, telemetriyanı, günəş batareyalarının işini sınaqdan keçirməyə imkan verəcək. “Crew Dragon”un sınaqları müvəffəqiyyətlə başa çatarsa, yeni missiya pilotların iştirakı ilə 2019-cu ilin yay aylarında həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.