Oyunçunun cinsini onun davranışına görə təyin etmək mümkündür

22 Fervral 2019 - 11:15 | Maraqlı məlumatlar
Oyunçunun cinsini onun davranışına görə təyin etmək mümkündür

Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika (İTMO) Milli Tədqiqat Universitetinin alimləri maşın təliminin köməyilə oyun onlayn-platformasının istifadəçiləri haqqında məlumatlar əsasında oyunçunun cinsini öncədən müəyyən edə biliblər.

popmech.ru saytının məlumatına görə, müxtəlif platformalar üçün onlayn və oflayn məhsulların sayı getdikcə artır. Onların istifadəçiləri hər gün oyun davranışı modellərinin hazırlanması və ya oyunçuların şəxsi xüsusiyyətlərinin təyini üçün istifadə edilə biləcək daha çox məlumat yaradırlar. Bu, oyun asılılığının erkən mərhələdə aşkar edilməsi, həmçinin oyun sferasında marketinq tədqiqatları üçün faydalıdır.

İndiyədək oyun məlumatları ilə bağlı bütün tədqiqatlar məlumatların kiçik hissəsi ilə əllə aparılırdı. Lakin statistik əhəmiyyətli nəticələrin çıxarılması üçün oyun məlumatlarının böyük massivlərini analiz etmək lazımdır. İTMO və Sinqapur Universitetlərinin mütəxəssisləri bunun üçün ilk dəfə olaraq, maşın təlimini tətbiq ediblər. Onlar “Steam” oyun platformasının istifadəçilərinin davranışı haqqında məlumatların, həmçinin xüsusi olaraq hazırlanmış və öyrədilmiş modelin köməyilə oyunçunun davranışı əsasında onun cinsini öncədən müəyyən edə biliblər.

Tədqiqatçılar analiz üçün məlumat bazasını “Steam” istifadəçilərinin hesablarını onların “Twitter”, “Facebook” və “Instagram” sosial şəbəkələrindəki profilləri ilə müqayisə etməyə imkan verən “Player.me” xidməti əsasında toplayıblar. Onlar bu müqayisə əsasında oyun davranışı haqqında məlumatlar və demoqrafik göstəricilər arasında əlaqə axtarıblar. Nəticədə modelin əsasında oyuna sərf edilmiş vaxt, oyunda əldə olunmuş nailiyyətlər, üstünlük verilən oyun janrları, oyundaxili ödənişlərin mövcudluğu və s. kimi əlamətlər dayanıb.

Alimlərin fikrincə, oyun məlumatlarının analizi istifadəçilərin maraqlarını, onların yerinin təyin edilməsini və demoqrafiyasını qiymətləndirməyə, həmçinin insanın oyunlara nə qədər vaxt sərf etməyə hazır olduğunu hesablamağa imkan verir. Tədqiqatçılar istifadəçilər haqqında öncədən məlumat verilməsinin dəqiqliyini yüksəltmək üçün əldə edilmiş modelin yaxşılaşdırılması üzərində işləyəcəklər. Həmçinin onun oyun asılılığının təyini üçün uyğunlaşdırılması planlaşdırılır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.