Akademik Rasim Əliquliyev: “İnstitutun elmi-nəzəri fəaliyyəti gücləndirilməlidir” Fevral 15, 2019 | 10:59 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun struktur bölmələrinin 2019-cu il üçün fəaliyyət planlarının təsdiqi məsələsi müzakirə olundu. Bu barədə çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbələrdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin ən aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparıldığını bildirdi, cari ildə görüləcək işlər, həyata keçiriləcək layihələrdən söz açdı.

Alim institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, institutun elmi seminarlarının konsepsiyasının yenidən qurulması, şöbələrdə aparılan elmi-nəzəri müzakirələrin çəkisinin artırılması, əldə olunmuş yüksək elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında əksini tapması, eləcə də institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində işlərin aparılmasının zəruriliyindən danışdı. 

R.Əliquliyev institutun əməkdaşları üçün dünyanın nüfuzlu elmi bazalarından istifadə imkanlarının yaradıldığını qeyd etdi, onları bu istiqamətdə fəal olmağa çağırdı. 

İnstitut direktoru, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin daha da gücləndiriləsi istiqamətində işlərin görülməsinin önəmini qeyd etdi.

Şöbələrin 2019-cu il üçün fəaliyyət planları Elmi şuranın üzvləri tərəfindən təsdiq olundu.

Daha sonra AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixində keçirilmiş iclasından söz açan akademik tədbirdə şuranın “Azərbaycan Respublikasında elektron elmin formalaşdırılması və qarşıda duran vəzifələr haqqında” qərarının müzakirə olunduğunu, ölkəmizdə e-elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzənin təqdim olunduğunu xatırlatdı.

Akademik-katib qeyd etdi ki, e-Azərbaycanın, onun mühüm tərkib hissəsi olan e-elmin formalaşması və inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Alim bu istiqamətdə reallaşdırılan tədbirlərin konseptual və normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət sənədlərinin mövcud olduğunu söylədi.  

R.Əliquliyev qeyd olunan tədbirdə dövlət siyasətinin icrası istiqamətində e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifə və problemlərin müzakirə olunduğunu vurğuladı. Bu məqsədlə e-elm üçün informasiya resurslarının yaradılması, e-elmin şəbəkə infrastrukturunun genişləndirilməsi, milli elektron kitabxanalar şəbəkəsinin yaradılması, milli antiplagiat sisteminin hazırlanması, beynəlxalq elmi bazalara inteqrasiyanın təmin olunması, e-elmin elmi-nəzəri problemlərinin araşdırılması, eləcə də e-elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanmasının qərara alındığını diqqətə çatdırdı. Alim bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutunun da qarşısına vəzifələr qoyulduğunu qeyd edərək mövcud problemlərin həlli istiqamətində görüləcək işlərdən bəhs etdi.

Daha sonra R.Əliquliyev AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında” 30 yanvar 2019-cu il tarixli Sərəncamından danışaraq institutun struktur bölmələrinin qarşısında qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin təmin olunması üçün tədbirlərin görülməsinin vacibliyindən danışdı.

Tədbirdə, həmçinin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Avstraliya Federasiya Universitetinin dəvəti ilə 29 yanvar – 7 fevral 2019-cu il tarixlərində bu qurumun Elm, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbində “Dəvətli Elmi Tədqiqatçı” kimi elmi ezamiyyətdə olması barədə ətraflı məlumat verdi.

Bununla yanaşı, tədbirdə cari ildə keçirilməsi nəzərdə tutulan konfransların elmi istiqamətləri ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı